İDMAN
Ağır atletika federasiyasının hesabat iclası keçirilib
Bakı, 19 iyul, AZƏRTAC
Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) altı aylıq hesabat iclası keçirilib.
AAAF-dan AZƏRTAC-a bildirilib ki, federasiyanın rəyasət heyətinin üzvlərinin iştirak etdiyi tədbirdə qurumun 2017-ci ilin ilk yarısında gördüyü işlər, həyata keçirdiyi layihələr, əldə edilən uğurlar barədə danışılıb, rəsmi şəxslərin hesabat xarakterli çıxışları dinlənilib.
Gənclər və idman nazirinin müavini, AAAF-ın vitse-prezidenti İsmayıl İsmayılov çıxış edərək ölkəmizdə ağır atletikanın son zamanlar böyük populyarlıq qazandığını deyib. Qeyd edib ki, federasiya dopinqlə mübarizəyə böyük diqqət ayırır, bu sahədə ciddi tədbirlər görür. Ağır atletika kollektivi hər gün möhkəmlənən böyük ailədir.
Federasiyanın baş katibi Rizvan Rəsulov çıxışında AAAF-ın cari ilin ilk yarısındakı fəaliyyəti haqda geniş məlumat verib. Baş katib qeyd edib ki, hesabat dövründə milli komandalarımız bir neçə beynəlxalq yarışda iştirak edərək uğur qazanıblar: “Yığmalarımız İrandakı ikinci Fəcr kuboku, Tailandda keçirilən yeniyetmələr arasında dünya birinciliyi, Tokioda gənclər arasında dünya çempionatı və IV İslam Həmrəyliyi Oyunlarında körpücük üzərinə çıxıblar. Bu yarışlarda atletlərimiz 2 qızıl, 2 gümüş və 4 bürünc medal əldə ediblər. Tailanddakı yarışda milli komandamızın tarixdə ilk dəfə Yeniyetmələrin Olimpiya Oyunlarına lisenziya qazanması isə xüsusi qeyd olunmalıdır. Bununla yanaşı, AAAF və GİN təsdiq olunmuş təqvim planına uyğun olaraq yeniyetmə, gənclər və böyüklər arasında respublika, iki seçmə mərhələ yarışlarını, həmçinin XI Respublika Oyunlarını təşkil edərək, ümumilikdə mindən çox atletin iştirakını təmin edib. Beynəlxalq yarışlara hazırlıq məqsədilə həm ölkə daxili, həm də xaricində təlim-məşq toplanışı keçirib, ən yaxşı şəraitlə təmin ediliblər”.
R.Rəsulov federasiyanın maliyyə hesabatını açıqlayıb, gəlir və xərclər barədə məlumat verib. Qeyd edib ki, AAAF dopinqlə mübarizəyə böyük diqqət ayırır. Bu baxımdan mütəmadi maarifləndirmə işinin aparılması, daxili dopinq-testlərin götürülməsi, dispanserizasiya və vitaminizasiyanın təşkili, qidalanmaya nəzarət, xüsusi bərpa və reabilitasiya mərkəzlərində müalicənin təmini və s. göstərmək olar.
AAAF-ın vitse-prezidenti Ruslan Xanverdiyev federasiyanın əsasən infrastruktur fəaliyyəti barədə danışarkən deyib: “Altı ay ərzində regionlarda zalların əsaslı təmiri və yeni zalların inşası əsas istiqamət kimi müəyyən edilib. Qobustan şəhər gənclər və idman məktəbinin ağır atletika zalı, Təhsil Respublika İdman Mərkəzinin Suraxanıda, Şamaxı rayonu Qaleybuğurd kəndində, Ramana qəsəbəsində, Mərkəzi Ordu İdman Klubunda, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında və Lerik rayonunun Piran kəndindəki ağır atletika zallarında əsaslı təmir-bərpa işləri aparılıb. Həmçinin Astarada ən müasir tələblərə cavab verən təlim-məşq bazası istifadəyə verilib. Sumqayıt və Bakı şəhərlərində yeni zalların açılması üçün işlər görülməkdədir. Ehtiyacı olan bütün zallar cari ilin ikinci yarısında lazımi avadanlıqla təmin ediləcək”.
Diqqətə çatdırılıb ki, federasiyanın növbəti altı ay üçün geniş fəaliyyət planı var. Plana əsasən, mövcud zallarda əsaslı təmir işlərinin aparılması, ağır atletika zalı olmayan regionlarda yeni zalların istifadəyə verilməsi və müasir avadanlıqla təmin edilməsi, Azərbaycan ağır atletika idman növünün arxivinin yaradılması, Azərbaycan ağır atletika idman növünün tarix muzeyinin qurulmasını nəzərdə tutulub.
R.Xanverdiyev ulu öndər Heydən Əliyevin əsasını qoyduğu idmana diqqət və qayğı siyasətini uğurla davam etdirən Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevə, AAAF prezidenti Cahangir Əsgərova minnətdarlığını bildirib.
Tədbirdə AAAF-ın sabiq prezidenti Şüa Hüseynov, hakimlər Vahid Nəzərov və Qadir Babayev, federasiyanın Rəyasət Heyətinin üzvü Fəxri Ağayev çıxış edərək görülmüş işlərdən danışıb, rəy və təkliflərini bildiriblər.
Sonda IV İslam Həmrəyliyi Oyunlarında fərqlənən atletlər və onların məşqçiləri federasiya tərəfindən mənzil sertifikatları və pul mükafatları ilə təltif olunublar.
Yarışın təşkilində əməyi keçən digər əməkdaşlar da federasiya tərəfindən mükafatlandırılıb.