REGİONLAR
Ağsaqqallar müdrikliyin simvoludurlar
Masallı, 28 iyun, Bağır Əliyev, AZƏRTAC
Masallı Rayon Ağsaqqallar Şurasının hesabat-seçki konfransı keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Konfransda Masallı Rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyevin hesabat məruzəsi dinlənilib.
Hesabat dövründə Rayon Ağsaqqallar Şurasının gördüyü işlərdən danışan Ə.Niftiyev Azərbaycan cəmiyyətində ağsaqqallara göstərilən diqqət və qayğıdan danışaraq bildirib ki, cəmiyyətin düzgün istiqamətdə inkişaf etməsində ağsaqqal məsləhətinə hər zaman ehtiyac var, ağsaqqallar müdrikliyin simvoludurlar.
Toplantıda çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov ağsaqqala olan hörmət və ehtiramın Azərbaycan cəmiyyətinin xarakterik cəhəti kimi milli düşüncəmizin dərinliklərində kök saldığını vurğulayıb.
Diqqətə çatdırılıb ki, gənclərin dövlətə, xalqa sədaqət ruhunda, zərərli təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyəsi işində ağsaqqallara böyük ehtiyac var.
Konfransda çıxış edən təftış komissiyası sədrinin müavini Tofiq Qubadov, Prezident təqaüdçüsü Şirvan Əbilov, Ərkivan ərazi ağsaqqallar şurasının sədri Şərafət Əzimov, Həsənli ərazi ağsaqqallar şurasının sədri Yusif Hüseynov, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının rayon şöbəsinin sədri Məmmədağa Şiriyev, Türkoba ərazi ağsaqqallar şurasının sədri Səyyad Quliyev ölkəmizdə ağsaqqallara dövlət səviyyəsində göstərilən hörmət və ehtiramdan danışıblar.
Konfransda təşkilati məsələlərə baxılıb. Ələşrəf Niftiyev yenidən Masallı Rayon Ağsaqqallar Şurasının sədri seçilib.
Sonda konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlanıb.