REGİONLAR
Ağstafa və ətraf rayonlardan olan 48 sahibkara 610 min manat güzəştli kredit verilib
Bakı, 22 sentyabr, AZƏRTAC
Sentyabrın 22-də İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun Ağstafa rayonunun Göycəli kəndində keçirdiyi işgüzar forumda Ağstafa və ətraf rayonlardan olan 48 sahibkara 610 min manat güzəştli kredit verilib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, işgüzar forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə məlumat verilib, Ağstafada həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunub, sahibkarların investisiya layihələri maliyyələşdirilib.
Doxsana yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Ağstafa rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan iri taxılçılıq, kartofçuluq, cins heyvandarlıq, istixana və arıçılıq təsərrüfatlarının, pendir istehsalı müəssisəsinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin bütünlüklə dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktorunun müavini Arif Vəliməmmədov bildirib ki, 2016-cı ilin ötən dövrü ərzində 1769 sahibkara 102,7 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 5500-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir. Qeyd edilib ki, ümumilikdə, indiyədək Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 6000-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 221,6 milyon manat güzəştli kredit verilib. Kreditlər, əsasən heyvandarlıq, quşçuluq, tərəvəzçilik, bağçılıq, un məmulatları istehsalı sahələrinin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 50-dən çox yeni iş yerinin açılması mümkün olacaq.
Forum çərçivəsində Ağstafa rayonunda güzəştli kredit ayrılmış heyvandarlıq təsərrüfatlarına baxış keçirilib.