CƏMİYYƏT
Ağstafada çətənə əkən şəxs saxlanılıb
Bakı, 23 iyun, AZƏRTAC
Ağstafa rayonunda kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları yetişdirən şəxs polis əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində müəyyənləşdirilərək saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, iyunun 23-də Ağstafa Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Göycəli kənd sakini 36 yaşlı Vaqif Mehdiyevə məxsus evin həyətyanı sahəsində xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli çətənə bitkiləri (kannabis) aşkarlanaraq götürülüb. Şahidlərin iştirakı ilə həyətyanı sahəyə baxış zamanı ümumi çəkisi 5675 kiloqram olan 30 çətənə kolu aşkarlanıb.
Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim olunub. Dindirilmə zamanı V.Mehdiyev çətənə bitkilərini şəxsi istifadəsi üçün becərdiyini bildirib. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.