REGİONLAR
Ağsuda kütləvi tibbi müayinədən 57 mindən çox sakin faydalanacaq
Ağsu, 16 fevral, AZƏRTAC
Azərbaycanda əhalinin kütləvi pulsuz tibbi müayinədən keçirilməsi ilə əlaqədar fevralın 12-dən başlanan və mayın 12-dək davam edəcək kampaniya Ağsu rayonunda da uğurla aparılır.
Rayon mərkəzi xəstəxanasından AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən bu humanist aksiyadan 57 mindən çox sakin faydalanacaq.
Müayinə rayon mərkəzi və Kalva kənd xəstəxanalarında, habelə 10 həkim məntəqəsində - Gəgəli, Bico, Kəndoba, Ərəbmehdibəy, Padar, Bozavand, Qaraqoyunlu, Çaparlı, Xanbulaq və Növcü kəndlərində aparılır. Xəstəxana və həkim məntəqələri hərtərəfli müayinə üçün ixtisaslı həkimlər və lazımi tibbi avadanlıqlarla təchiz olunub. Təşkil edilən 4 səyyar həkim briqadası yerlərdə olur, habelə mərkəzi xəstəxanaya və məntəqələrə gəlmək imkanı olmayan ahıl və xəstə insanlara evlərində xidmət göstərir.
Qeyd edək ki, bu günədək rayon üzrə 2950 nəfər tibbi müayinədən keçib. Onlardan 152 nəfər ambulator, 2 nəfər stasionar müalicəyə cəlb edilib. Daha 3 nəfər isə Bakı şəhərinə, ixtisaslaşdırılan tibb müəssisələrinə göndərilib.