SİYASƏT
Əhliman Əmiraslanov: Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində Türkiyənin fəal iştirakı reallıqdır
Bakı, 16 oktyabr, AZƏRTAC
Azərbaycan Ermənistan tərəfindən işğal edilmiş ərazilərinin azad olunması yolunda qətiyyətli mövqe nümayiş etdirir. Azərbaycanın öz ərazi bütövlüyünün bərpası istiqamətində atdığı addımlar prinsipial xarakter daşıyır və beynəlxalq hüquqa əsaslanır. Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin “Haber Global” telekanalına müsahibəsində ölkəmizin qətiyyətli mövqeyini beynəlxalq ictimaiyyətin diqqətinə bir daha çatdırdı. Ermənistan hökumətinin beynəlxalq səviyyədə məsuliyyətsizliyi davam edir və Paşinyanın da xalqına müraciətində döyüşdə aciz olduqlarını, ancaq güzəştə getmək istəməyərək, ərazilərimizdən çıxmaq niyyətində olmadıqlarını bəyan etdi.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov bildirib.
Komitə sədri deyib: “Humanitar atəşkəs o məqsədlə əldə olunur ki, həm tərəflər öz hərbçilərinin cəsədlərini döyüş meydanından çıxarsın, həm də əsirlər dəyişdirilsin. Əslində, Moskva görüşü Azərbaycanın diplomatik uğuru sayıla bilər. Çünki Paşinyan hakimiyyəti danışıqların formatını və baza prinsiplərini inkar etmək yolunu tutmuşdu. İşğalçı Ermənistan Moskvada imzalanan humanitar atəşkəs razılaşmasını kobud şəkildə pozdu. Həmin razılaşmada isə Ermənistan həm baza prinsiplərini, həm də danışıqların qüvvədə olan formatını qəbul etdi. Onlar ənənələrinə sadiq qalaraq humanitar atəşkəs razılaşmasından dərhal sonra mövqelərimizə hücum etdilər, Gəncə şəhərini isə raket atəşinə tutdular. Nəticədə çoxsaylı insan tələfatının şahidi olduq. Bu, bəşəriyyətə və insanlığa açıq şəkildə meydan oxumaqdır, vandalizmdir”.
Ə.Əmiraslanov qeyd edib ki, dövlətimizin başçısı müsahibəsində vurğuladığı kimi, Qərb dövlətləri bunu qəbul etmək istəməsələr də, Türkiyənin bölgədə artan rolunu inkar etmək mümkün deyil. Komitə sədri bildirib ki, bu mənada, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində Türkiyənin fəal iştirakı reallıqdır. Digər tərəfdən, bir çox ölkələrdən fərqli olaraq, Türkiyə bu məsələdə ədalətin tərəfindədir. Ədalətli tərəf isə Azərbaycandır. Türkiyə Qarabağ mövzusunda daim Azərbaycanın yanındadır.
“Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri kimi Türkiyədən olan deputat həmkarlarım demək olar ki, hər gün mənimlə əlaqə saxlayır, vəziyyətlə maraqlanır və öz dəstəklərini bəyan edirlər. Birləşmiş Millətlər Təşkilatının 30 il müddətində yerinə yetirə bilmədiyi qətnamələrin icrası ilə Azərbaycan Prezidenti, Azərbaycan Ordusu, Azərbaycan xalqı məşğul oldu. Bu gün dünyanı danışdırmağa sövq edən güc Azərbaycan xalqıdır. Xalqımız əmindir ki, Ali Baş Komandan İlham Əliyevin məntiqli hərbi və diplomatiya strategiyası, o cümlədən rəşadətli Ordumuzun gücü sayəsində tezliklə Qarabağımıza qovuşacaq. Qarabağ Azərbaycandır!”, - deyə Ə.Əmiraslanov diqqətə çatdırıb.