SİYASƏT


Əhliman Əmiraslanov: Tarixi torpaqlarımıza qayıdış dövlətimizin strateji siyasətidir

Bakı, 22 aprel, AZƏRTAC

Aprelin 20-də Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində Zəngəzur dəhlizinin yaradılmasının bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verdiyini, bu dəhlizin gələcəkdə ölkəmizin qlobal logistik-tranzit qovşağı ilə bağlı mövqeyini daha da möhkəmləndirəcəyini əminliklə ifadə edərək bildirdi ki, Azərbaycan xalqı 101 il bundan əvvəl əlimizdən alınmış Zəngəzura qayıdacaqdır.

Dövlətimizin başçısı regionun sosial-iqtisadi inkişafı, sabitlik və təhlükəsizliyi üçün bütün tərəflərlə Azərbaycanın konstruktiv əməkdaşlığa hazır olduğunu diqqətə çatdırdı.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov söyləyib.

Deputat qeyd edib ki, Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanat regiondakı bütün ölkələr üçün real əməkdaşlıq imkanları yaradıb. Üçtərəfli Bəyanatın 9-cu maddəsi bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpasını nəzərdə tutur. Həmin maddəyə əsasən, Ermənistan Azərbaycanın qərb bölgəsi ilə Naxçıvan Muxtar Respublikası arasında Zəngəzur dəhlizi vasitəsilə nəqliyyat əlaqəsinə zəmanət verir. Zəngəzur dəhlizi uzun illər blokadada olan Naxçıvan Muxtar Respublikasını bu vəziyyətdən çıxarmaqla yanaşı, qədim Zəngəzurun qapılarını da uzun həsrətdən sonra böyük türk dünyasının üzünə açır. Zəngəzur dəhlizinin yaradılması əməkdaşlıq və nəqliyyat baxımından Azərbaycan, Rusiya və Ermənistan tərəfindən imzalanmış sənədlər arasında ən mühüm element hesab olunur. Bu, Ermənistan da daxil olmaqla, bütün region ölkələrinin maraqlarına xidmət edir. Azərbaycan da öz növbəsində bu dəhlizin yaradılması və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı öhdəliklərinə sadiqdir.

“Zəngəzur dəhlizinin bölgə dövlətləri üçün təqdim etdiyi bütün imkanlar onu göstərir ki, bu layihənin reallaşması regional nəqliyyat şəbəkələrinin genişlənməsinə səbəb olacaq və bölgə ölkələri arasında qarşılıqlı iqtisadi əlaqələri stimullaşdıracaq. Yeni reallıqlar Azərbaycanın geosiyasi və geostrateji mövqeyini daha da möhkəmləndirir. Artıq Azərbaycanın və regionun inkişafında yeni dövr, yeni era başlayır. Bu layihələrin gerçəkləşməsi isə regional inkişaf, əməkdaşlıq, bağlılıq üçün daha əlverişli imkanlar yaradacaq. Tezliklə xarici investorların da azad edilmiş torpaqlarımızda yeni layihələrə sərmayə yatırmaları, əlbəttə ki, iqtisadiyyatımızın daha da yüksəlişini təmin edəcək. Azərbaycan həm Qarabağın şöhrətini özünə qaytaracaq, həm də iqtisadi dividendlər qazanacaq. Bütün bunlar isə Azərbaycanın Cənubi Qafqaz regionunda ən sabit, ən qüdrətli və lider ölkə statusunun, mövqeyinin daha da möhkəmlənməsini şərtləndirəcək”, - deyə Əhliman Əmiraslanov vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.