CƏMİYYƏT
Akademik Akif Əlizadə: Azərbaycanda aparılan seysmoloji müşahidələr daim dövlətin diqqət mərkəzindədir VİDEO
Bakı, 23 oktyabr, AZƏRTAC
Oktyabrın 23-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) “Şəbəkə idarəetmə sistemləri və seysmologiya üçün analitik alətlər üzrə təlim” mövzusunda beynəlxalq konfrans işə başlayıb.
AZƏRTAC xəbər verir ki, AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) təşkilatçılığı, ABŞ-ın “Lorens Livermor” Milli Laboratoriyası (LLNL) və Enerji Departamentinin, Ukrayna Elm və Texnologiya Mərkəzinin dəstəyi ilə keçirilən konfransda iyirmidən çox ölkədən seysmoloq-alimlər və mütəxəssislər iştirak edirlər.
AMEA-nın prezidenti, akademik Akif Əlizadə müxtəlif ölkələrin seysmoloqları arasında əməkdaşlıq əlaqələrinin möhkəmlənməsi və qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi baxımından konfransın əhəmiyyətini qeyd edib. Azərbaycanda seysmologiya elminin inkişaf tarixindən, bu istiqamətdə aparılan mühüm tədqiqatlardan danışan alim son 50-60 ildə ölkəmizdə seysmoloji tədqiqatların intensiv xarakter aldığını diqqətə çatdırıb. Bildirilib ki, respublikamızda aparılan seysmoloji müşahidələr, seysmik xidmət daim dövlətin diqqət mərkəzindədir. Bu günədək aparılmış tədqiqatlarda Azərbaycanın seysmik rejimi, palçıq vulkanları ilə seysmikliyin əlaqələri müəyyənləşdirilib. Həmçinin Xəzərin seysmikliyinin öyrənilməsi üçün dib seysmoqrafları alınıb.
AMEA-nın rəhbəri vurğulayıb ki, 2000-ci ilin noyabrında Bakıda baş verən zəlzələdən dərhal sonra ulu öndər Heydər Əliyevin göstərişinə əsasən, seysmik xidmətin işinin modernləşdirilməsi məqsədilə tender elan edilib və RSXM üçün ABŞ-ın “Kinemetriks” şirkətinin istehsalı olan telemetrik peyk rabitəsi ilə işləyən 14 dəst telemetrik seysmik stansiya alınıb. Hazırda Azərbaycanda 35 telemetrik seysmik stansiya fəaliyyət göstərir.
Fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağızadə konfransda sesmologiyaya dair elmi müzakirələrin aparılmasının ölkəmizin bu sahədəki problemlərinin həllinə mühüm töhfələr verəcəyinə əminliyini bildirib. AMEA ilə Fövqəladə Hallar Nazirliyi arasındakı əlaqələrdən danışan F.Tağızadə bildirib ki, hazırda bu qurumlar təbii və texnogen proseslərin, digər təhlükələrin öyrənilməsi istiqamətində birgə tədqiqatlar aparır. Belə ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən “Azərbaycan Respublikasının fövqəladə hallar atlası”ı nəşrə hazırlanır.
ABŞ-ın Enerji Departamentinin proqram rəhbəri Ulyam Vanderer təmsil etdiyi qurumun fəaliyyəti və perspektiv planları barədə ətraflı məlumat verib.
“Azərbaycanın müasir seysmogeodinamik vəziyyəti” mövzusunda məruzəsində RSXM-nın baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli ölkəmizdə seysmik müşahidələrə başlanılması tarixindən bəhs edib. Alim bildirib ki, respublika ərazisində 22 GPS stansiya quraşdırılıb, mərkəzin geofizika və geokimya bölmələrinin texniki avadanlığı və cihazları yenilənib.
Q.Yetirmişli vurğulayıb ki, RSXM-də aparılan kompleks tədqiqat işlərinin keyfiyyətinin artması xarici ölkələrdə fəaliyyət göstərən təşkilatlar tərəfindən də maraqla qarşılanır. Hazırda RSXM iyirmidən artıq xarici ölkənin seysmoloji mərkəzləri ilə əməkdaşlıq edir.
Sonra Birləşmiş Seysmoloji Tədqiqat İnstitutları (IRIS) tərəfindən hazırlanmış seysmik dalğa məlumatlarının idarəetmə vasitələri, “SeisComp3” məlumatların yığılması və işlənməsi vasitəsi, “ILoc” hadisənin yerinin müəyyənləşdirilməsi və digər məsələlərlə bağlı müzakirələr aparılıb.
Konfrans oktyabrın 27-də yekunlaşacaq.