ELM VƏ TƏHSİL
Akademik Məmmədağa Şirəliyev sanballı tədqiqatları ilə Azərbaycan dilçilik elmini zənginləşdirib
Bakı, 13 dekabr, AZƏRTAC
Dekabrın 13-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Filologiya fakültəsinin Müasir Azərbaycan dili kafedrasının təşkilatçılığı ilə akademik Məmmədağa Şirəliyevin 110 illik yubileyinə həsr olunmuş “Azərbaycan dialektologiyası və türkoloji dilçilik sahəsində akademik Məmmədağa Şirəliyevin xidmətləri” mövzusunda respublika elmi konfransı keçirilib.
Konfransda universitetin rəhbərliyi, professor-müəllim heyəti və tələbələri iştirak ediblər.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən rektor Cəfər Cəfərov dilçilik elminin inkişafında müstəsna xidmətləri olan Məmmədağa Şirəliyevin 110 illik yubileyinin qeyd edilməsi haqqında Prezident İlham Əliyevin müvafiq Sərəncamını xatırladıb. Qeyd edib ki, Məmmədağa Şirəliyev mühüm elmi əhəmiyyətə malik sanballı tədqiqatları ilə Azərbaycan dilçilik elmini zənginləşdirib, onun bir çox istiqamətlərinin müəyyənləşməsi və formalaşmasında təqdirəlayiq xidmətlər göstərib. Alimin dilçiliyin aktual problemlərinin öyrənilməsində, xüsusən Azərbaycan dialektologiyasının əsaslarının yaradılmasında və türkoloji dilçilik sahəsində ardıcıl nailiyyətlər qazanılmasında müstəsna rolu vardır. Azərbaycan dilinin ilk dialektoloji atlası və lüğətlərinin tərtibi Məmmədağa Şirəliyevin adı ilə bağlıdır. SSRİ Elmlər Akademiyasının Bakıda iyirmi ilə yaxın bir dövr ərzində Məmmədağa Şirəliyevin rəhbərliyi altında işıq üzü görən “Sovetskaya tyurkoloqiya” jurnalı bu səpkidə yeganə nüfuzlu nəşr olub, beynəlxalq elm məkanında dünya türkoloqlarının mötəbər tribunasına çevrilib. Alim respublikada və onun hüdudlarından kənarda filoloqların yeni nəslinin müasir elmi-nəzəri biliklərə dərindən yiyələnməsi üçün uzun illər ali təhsil ocaqlarında dilçilik kursu üzrə mühazirələr oxuyub, həmçinin yüksəkixtisaslı dilçi kadrların hazırlanması işinə böyük əmək sərf edib. Azərbaycan dialektologiya məktəbinin yaradıcısı olan Əməkdar elm xadimi Məmmədağa Şirəliyevin 100-dən çox elmi əsərin, o cümlədən "Azərbaycan dialektologiyasının əsasları", "Bakı dialekti", həmçinin Muxtar Hüseynzadə ilə birlikdə orta məktəblər üçün yazdığı "Azərbaycan dilinin qrammatikası" dərsliyinin müəllifidir. Məmmədağa Şirəliyev türkologiyada, o cümlədən Azərbaycan dilçiliyində dilçilik coğrafiyasının banisidir. Məmmədağa Şirəliyevin Azərbaycan milli dilinin, Azərbaycan ədəbi dilinin tarixini öyrənmək sahəsində də xidmətləri böyükdür.
Sonra ADPU-nun Filologiya fakültəsinin dekanı, professor Mahirə Hüseynova “Akademik Məmmədağa Şirəliyevin yaradıcılığında ümumtürk dilləri diakekt və şivələrinin tədqiqi”, filologiya üzrə elmlər doktoru, professor Buludxan Xəlilov “Akademik Məmmədağa Şirəliyevin həyat və yaradıcılıq yolu”, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Tətbiqi dilçilik şöbəsinin müdiri, professor İsmayıl Məmmədli “Məmmədağa Şirəliyev Azərbaycan dialektologiya məktəbinin banisidir” mövzularında məruzələrlə çıxış ediblər.
Daha sonra Müasir Azərbaycan dili kafedrasının professoru Mirvari İsmayılova, dosent Könül Səmədova və digər çıxış edənlər Məmmədağa Şirəliyevin tədqiqatlarının Azərbaycan elminin ən qiymətli nümunələri olduğunu bildiriblər.