ELM VƏ TƏHSİL
Akademik Nailə Vəlixanlı beynəlxalq təşkilatlara müraciət ünvanlayıb
Bakı, 27 noyabr, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı beynəlxalq təşkilatlara, Avropa ölkələrinin mədəniyyət nazirliklərinə, dünyanın aparıcı universitetlərinə müraciət ünvanlayıb.
Muzeydən AZƏRTAC-a bildirilib ki, müraciətdə 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti təxribata əl ataraq Azərbaycanın yaşayış məntəqələrini, həmçinin ordumuzun mövqelərini intensiv atəşə məruz qoyduğu qeyd edilib. Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi əks-hücum əməliyyatı nəticəsində erməni təxribatının qarşısının alındığı, otuz ilə yaxın işğal altında qalan Azərbaycan ərazilərinin azad olunduğu vurğulanıb.
Akademik N.Vəlixanlı diqqətə çatdırıb ki, işğal dövründə Azərbaycan xalqının irsi olan bir çox tarixi-mədəni abidələr erməni vandalizminin qurbanına çevrilib. Ermənilər müsəlmanlara məxsus dini abidələri dağıdıb, təhqir edib, bir çoxunu mal-qara saxlamaq üçün istifadə edərək, azərbaycanlıların qəbiristanlıqlarını dağıntılara məruz qoyublar. Bununla yanaşı, son vaxtlar Azərbaycanın xristian memarlığının dəyərli abidələrindən sayılan alban monastır və kilsələrinin erməni dini abidələri kimi dünyaya təqdim edilməsi cəhdləri artıb.
Azərbaycan xalqının çoxəsrlik tarixi keçmişindən yadigar qalmış abidələrin mühafizəsi beynəlxalq əhəmiyyət kəsb edən problemdir. Məhz buna görə Azərbaycan xalqı bəşəri dəyəri olan, müxtəlif xalq və konfessiyalara məxsus mədəni abidələri həmişə qoruyub və bundan sonra da qoruyacaq.