Akademik Ömər Eldarovun 95 illik yubileyi AMEA-da qeyd olunub
AzerTAg.az
Bakı, 26 dekabr, AZƏRTAC
Dekabrın 26-da AMEA-nın Əsas binasında görkəmli heykəltaraş, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) rektoru, Xalq rəssamı, “Heydər Əliyev” ordeni laureatı, akademik Ömər Eldarovun 95 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, əvvəlcə iştirakçılar Xalq rəssamının əsərlərindən ibarət sərgi ilə tanış olublar.
Tədbiri AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq ömrünün 70 ildən çoxunu heykəltaraşlıq sənətinə həsr etmiş ustad sənətkar Ömər Eldarovun zəngin yaradıcılıq yolundan danışıb. O, ölkəmizdə heykəltaraşlıq məktəbi yaratmış akademik Ömər Eldarovun yaradıcılığında Azərbaycan və dünya heykəltaraşlıq məktəbinin ən mükəmməl elementlərinin öz əksini tapdığını diqqətə çatdırıb. Əlavə edib ki, ustad sənətkar əsərlərində bir rəssam dəqiqliyi ilə yaratdığı obrazın cizgilərini, psixologiyasını əks etdirməyi bacarır, lirika ilə fikrin vəhdətinə nail olmağa müvəffəq olur.
“Ömər Eldarovun hər bir əsəri azərbaycançılıq abidəsidir”, - deyən İsa Həbibbəyli bildirib ki, görkəmli heykəltaraşın əsərlərində Azərbaycanın mövqeyi, yeri və ruhu yaşayır. AMEA rəhbəri dahi sənətkarın Azərbaycan heykəltaraşlıq sənətində dövlətçilik təfəkkürünü ön mövqeyə çəkməyi ilə seçildiyini qeyd edib.
Akademik qeyd edib ki, heykəltaraşın ərsəyə gətirdiyi möhtəşəm sənət əsərləri hər zaman Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilib, onun sənətinə dövlət səviyyəsində böyük qiymət verilib və o, ən ali mükafatlara layiq görülüb. Prezident İlham Əliyevin bu yaxınlarda Ömər Eldarovu 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif etməsi müstəqillik dövründə Azərbaycan Respublikasında sənətkarlara göstərilən qayğının bariz nümunəsidir.
AMEA prezidenti ustad sənətkar Ömər Eldarovu 95 illik yubileyi münasibətilə təbrik edib, görkəmli heykəltaraşa AMEA-nın fəxri fərmanını və xüsusi hədiyyə təqdim edib.
Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar görkəmli sənətkarın yaradıcılığında yazıçıların heykəllərinin sayca çox olması ilə seçildiyini bildirib. O, bütün mənalı ömrü boyu məhsuldar yaradıcılıqla məşğul olmuş Ömər Eldarovun heykəltəraşlıq sahəsində yaratdığı sənət nümunələrinin dünyanın bir çox muzeylərində layiqli yerini tutduğunu qeyd edib. O, Ömər Eldarovun Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü seçildiyini deyərək, Birliyin fəxri üzvlük vəsiqəsini ona təqdim edib.
Memarlıq və İncəsənət İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə “Görkəmli heykəltaraş, akademik Ömər Eldarov” mövzusunda məruzə ilə çıxış edib. Ömər Eldarovun müstəqillik illərindəki fəaliyyətinə nəzər salan məruzəçi ustad sənətkarın milli mədəniyyətimizin inkişafındakı müstəsna xidmətlərindən danışıb, onun obrazları tamaşaçıya böyük müvəffəqiyyətlə təqdim etməyi bacaran nadir heykəltaraş olduğunu vurğulayıb.
Tədbirdə, həmçinin ADRA-nın prorektoru Fuad Salayevin “Ömər Eldarovun həyat və yaradıcılığı”, Memarlıq və İncəsənət İnstitutunun Təsviri, dekortaiv-tətbiqi sənətlər və heraldika şöbəsinin aparıcı elmi işçisi, dosent Gülrəna Mirzənin “Ömər Eldarovun yaradıcılığında memorial abidələr” mövzusunda məruzələri dinlənilib.
Elmi sessiyada Azərbaycan Rəssamlar İttifaqının sədr müavini, Xalq rəssamı Ağəli İbrahimov və digər çıxış edənlər Azərbaycan mədəniyyətinin və incəsənətinin inkişafında böyük xidmətləri olan Ömər Eldarovun çoxşaxəli fəaliyyətindən, yüksək insani keyfiyyətlərindən danışıb, sənətkarı təbrik ediblər.
Sonda yubilyar Azərbaycanda incəsənətin dərin köklərə malik olduğunu söyləyib. O, tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.





Xəbərin mətnində orfoqrafik səhv var