CƏMİYYƏT
“Akkord” Sənaye Tikinti İnvestisiya Korporasiyası Silahlı Qüvvələrə Yardım Fonduna 300 min manat ianə edib
Bakı, 7 oktyabr, AZƏRTAC
“Akkord” Sənaye Tikinti İnvestisiya Korporasiyası Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 300 min manat ianə edib.
AZƏRTAC xəbər verir ki, ölkəmiz üçün çətin və şanlı bir dövrdə istər Azərbaycan əsgər və zabitlərinin göstərdikləri fədakarlıq, istərsə də xalqımızın nümayiş etdirdiyi sarsılmaz birlik, həmrəylik və Vətən sevgisi hər bir vətəndaşımızın milli qürur və iftixar hissini daha da gücləndirib.
“Akkord” Sənaye Tikinti İnvestisiya Korporasiyası bu addımı ilə xalqımızın qürur və güvən yeri olan Azərbaycan Ordusunun daim yanında olduğunu nümayiş etdirib.
Xatırladaq ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb. Fond Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb.