CƏMİYYƏT


Aleksandr Qessel: Azərbaycanda məcburi köçkünlərə göstərilən dövlət qayğısı dünya üçün təcrübədir

Bakı, 7 may, AZƏRTAC

Mayın 7-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Azərbaycanda səfərdə olan Avropa Şurasının Siyasi Məsələlər Direktorluğunun rəhbəri Aleksandr Qesselin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, sədr qonağa Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş 1 milyon 200 mindən çox soydaşımızın üzləşdiyi məhrumiyyətlər, məruz qaldıqları maddi və mənəvi itkilər, bu problemin həllinə beynəlxalq təşkilatların münasibəti, dövlətimizin öz imkanları daxilində gördüyü işlər və qarşıda duran vəzifələr haqqında məlumat verib. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin, həmçinin Avropa Şurası Parlament Assambleyasının Azərbaycan torpaqlarının 20 faizinin işğalı ilə bağlı narahatlığının ifadə olunduğu, münaqişə ərazisindən köçkün düşmüş şəxslərin öz evlərinə təhlükəsiz və ləyaqətlə qayıtması hüququnu bir daha təsdiqləyən 2005-ci il 25 yanvar tarixli 1416 saylı qətnaməsinin hələ də icra edilmədiyi diqqətə çatdırılıb.

Dövlət Komitəsinin sədri bildirib ki, münaqişənin həlli istiqamətində beynəlxalq təşkilatlar qəti addımlar atmalı, insanların pozulmuş hüquqları bərpa edilməlidir.

Qeyd olunub ki, münaqişədən zərər çəkən, ağır məhrumiyyətlərə məruz qalmış məcburi köçkünlərlə bağlı ölkəmizdə ardıcıl və məqsədyönlü dövlət siyasəti həyata keçirilir. Dövlət Komitəsinin sədri bildirib: “Azərbaycan çox az ölkələrdəndir ki, münaqişənin siyasi həllini tapmamış məcburi köçkünlərin sosial rifahını və mənzil-məişət şəraitini yaxşılaşdırır. Prezident İlham Əliyev bu kateqoriyadan olan soydaşlarımızın mənzil-məişət şəraitinin yaxşılaşdırılması, habelə məşğulluğunun təmin edilməsi üçün məqsədyönlü tədbirlər həyata keçirir. Birinci vitse-prezident xanım Mehriban Əliyeva məcburi köçkünlərin problemlərinin həlli üçün məqsədyönlü iş aparır.

Avropa Şurasının Siyasi Məsələlər Direktorluğunun rəhbəri Aleksandr Qessel görüşə görə təşəkkürünü bildirib, Azərbaycanda məcburi köçkünlərə göstərilən dövlət qayğısını yüksək qiymətləndirib və bunun bütün dünya üçün mühüm təcrübə olduğunu diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.