İQTİSADİYYAT
Ələt yeni İpək Yolunun ən çox uğur qazanacaq logistika və istehsal zonasıdır
Bakı, 16 Mart, AZƏRTAC
Dünyanın məşhur nəşrlərindən olan “Forbes” jurnalı “XXI əsrin ən böyük 5 yeni İpək Yolu layihəsi” adlı məqaləsində Bakının Ələt qəsəbəsi ərazisində tikilmiş Beynəlxalq Dəniz Ticarət Limanından yazıb.
AZƏRTAC xəbər verir ki, məqalədə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin fəaliyyətinin beynəlxalq ticarətin, o cümlədən mədəniyyətlərin və iqtisadiyyatların bir mərkəzdə qovuşması baxımından yeni imkanlar açdığı xüsusi qeyd olunub.
Yazıda limanın ərazisində yaradılacaq Ələt Azad İqtisadi Zonasının yeni İpək Yolunun ən çox uğur qazanacaq logistika və istehsal zonası olacağı qeyd edilib. Vurğulanıb ki, Ələt qəsəbəsindəki yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ticarət zonası kimi ən üstün cəhətlərindən biri Çindən Avropaya qədər uzanan və bu yaxınlarda istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolunun, o cümlədən formalaşmaqda olan, Hindistanı İran və Rusiya ilə birləşdirəcək Şimal-Cənub nəqliyyat dəhlizinin də daxil olduğu “Bir kəmər, bir yol” beynəlxalq nəqliyyat dəhlizinin üzərində yerləşməsidir.
Məqalədə bildirilib ki, Azərbaycan dünyanın sürətlə inkişaf edən və iqtisadiyyatı dinamik şəkildə şaxələndirilən ölkəsidir. Reallaşmaqda olan nəhəng nəqliyyat dəhlizləri həmin iqtisadi proseslərin həyata keçirilməsi üçün təməl daşı rolunu oynayır. Qeyd edilib ki, Azərbaycan zəngin neft ehtiyatlarına sahib olmasına baxmayaraq, Ələt zonası kimi logistika və istehsal komplekslərinin yaradılmasını hazırda öz milli iqtisadiyyatının prioritetləri sırasına daxil edib.