CƏMİYYƏT
Ali Məhkəmənin sədri Ağsu rayonunda vətəndaşları qəbul edib
Bakı, 21 fevral, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tövsiyələri daim diqqətdə saxlanılır, vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Ali Məhkəmənin sədri bölgələrdə mütəmadi səyyar qəbullar keçirir.
Ali Məhkəmənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, fevralın 21-də Ali Məhkəmənin sədri Ramiz Rzayev Ağsu Rayon Məhkəməsinin inzibati binasında vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib, Ağsu şəhərindəki abidəsi önünə gül dəstələri qoyulub.
Qəbulda hər bir vətəndaş diqqətlə dinlənilib. Müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb. Digər məsələlər üzrə Ali Məhkəmənin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.
Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması ilə bağlı Azərbaycan Prezidenti tərəfindən yaradılmış şəraitdən razılıqlarını ifadə ediblər.
Səfər çərçivəsində Ali Məhkəmənin sədri Ağsu Rayon Məhkəməsinin inzibati binası, hakimlərin fəaliyyəti və iş şəraiti ilə tanış olub, müvafiq tövsiyə və tapşırıqlarını verib.