İQTİSADİYYAT


Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası başlayıb

Bakı, 29 aprel, AZƏRTAC

Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadasına başlanılıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazirlik, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə olimpiadanın birinci mərhələsi aprelin 29-da Bakı Mühəndislik Universitetində keçirilib.

Respublika üzrə 24 ali təhsil müəssisəsindən 69 komanda olimpiadada iştirak hüququ qazanıb. Paytaxt ilə yanaşı, regionlarda fəaliyyət göstərən ali təhsil müəssisələri, əsasən, Gəncə, Mingəçevir, Naxçıvan, Sumqayıt və Lənkəran Dövlət universitetlərinin, eləcə də Azərbaycan Texnologiya Universitetinin tələbələri bu il olimpiadada fəallığı ilə seçilib.

Artıq 13 ildir keçirilən olimpiada beynəlxalq "Ali məktəb tələbələrindən ibarət komandalar arasında informatika üzrə beynəlxalq olimpiada ("ACM/ICPC") qaydaları"na uyğun olaraq təşkil edilir. Qaydalara əsasən, hər bir təhsil müəssisəsi üzrə ən yaxşı nəticə göstərən yalnız bir komanda final mərhələsinə vəsiqə qazanır. Finalda ən yaxşı nəticə göstərən 4 komanda isə qalib elan edilir.

Bu il üzrə qaliblər (I-IV yerlər) "Azercell Telecom" və "BestComp Group" MMC-nin təqdim etdiyi qiymətli hədiyyələr, habelə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən fəxri fərman və diplomlarla mükafatlandırılacaq.

17 may - Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan olimpiadanın məqsədi ali məktəb tələbələrinin informatika, proqramlaşdırma sahəsindəki biliklərinin və bu sahəyə olan marağının artırılması, habelə sahə üzrə seçilən tələbələrin beynəlxalq yarışlara cəlb edilməsidir.

Olimpiadanın final mərhələsi mayın 4-ü İnformasiya Texnologiyaları İnstitutunda baş tutacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.