CƏMİYYƏT
Allahşükür Paşazadə: Ermənistanı təcavüzkarlığa səsləyən nifrət çağırışlarına son qoymağa və sülhə dəvət edirik
Bakı, 19 may, AZƏRTAC
Azərbaycan cəmiyyətində nümunəvi birgəyaşayışın və multikultural mühitin formalaşmasında İslam dininin bütün səmavi dinlərlə qarşılıqlı anlaşma və əməkdaşlıq fəlsəfəsinin müstəsna rolu danılmazdır.
AZƏRTAC xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Bakıda G20 Dinlərarası Forum regional hazırlıq iclası çərçivəsində keçirilən “Prioritet qlobal məsələlər üzrə multikultural perspektivlər” mövzusunda beynəlxalq konfransda deyib.
QMİ sədri qeyd edib ki, bu gün dövlətimiz işğaldan azad edilmiş torpaqlarımızı minalardan təmizləyərək yenidənqurma işləri aparır, işğal dövründə törədilmiş vandalizm aktları nəticəsində dağıdılmış, təhqir olunmuş milli, dini, mənəvi abidələrimizi bərpa edir, bölgədə sülh və rifah yönündə iqtisadi layihələrlə çıxış edir. “Bunun əksinə, monoetnik Ermənistanda bu gün də qisasçılıq meyilləri vardır. Biz Ermənistanı təcavüzkarlığa səsləyən nifrət çağırışlarına, revanşizm ideyalarına son qoymağa, sülhə və mehriban qonşuluğa dəvət edirik”, - deyə şeyxülislam bildirib.