CƏMİYYƏT


Əlli yeddi yaşlı TRT-nin Azərbaycan xalqının qəlbində xüsusi yeri var

Ankara, 1 may, AZƏRTAC

Türkiyə Radio və Televiziya Təşkilatı (TRT) təsis olunmasının 57-ci ildönümünü qeyd edir. TRT, dövlət adından radio və televiziya yayımlarını həyata keçirmək üçün 1964-cü il mayın 1-də fəaliyyətə başlayıb. Ötən dövrdə Türkiyə həqiqətlərini dünyaya çatdırmaq, eləcə də ölkə ictimaiyyətini beynəlxalq məlumatlarla təmin etmək üçün 1927-ci il mayın 6-da ilk radio, 1968-ci il yanvarın 31-də televiziya yayımını təmin edən TRT əsrlərə bərabər inkişaf yolu keçib.

AZƏRTAC xəbər verir ki, tarixi əhəmiyyətli verilişləri və bir çox yeniliyi ictimaiyyətlə paylaşan TRT 1972-ci ildə Türkiyədə Konstitusiya dəyişiklikləri ilə “bitərəf” dövlət iqtisadi qurumu olaraq yeni bir formada efir quruluşu statusu alıb. Bundan başqa, 1984-cü ildə 1982-ci il Konstitusiyasının müddəalarına uyğun olaraq “Türkiyə Radio və Televiziya” Qanunu ilə yenidən təşkil edilib.

TRT bu gün muxtariyyəti və qərəzsizliyi konstitusiya ilə idarə olunan, radio, televiziya və bütün media vasitəsilə yayımlanan bir ictimai yayım orqanı olaraq yalnız Türkiyəyə deyil, bütün dünyaya xidmət edir.

Beynəlxalq efir məkanında özünəməxsus yenilikləri ilə daim öndə və gündəmdə olan TRT-nin 17 televiziya kanalı, 16 radio kanalı, “trt.net.tr” və "www.trtvotworld.com" internet saytları ilə 41 dildə və 5 jurnalda Türkiyədə və dünyada yayımlanır.

Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra ölkəmizin efir məkanında xüsusi bir sevgi ilə qarşılanan xarici telekanallar arasında TRT və onun quruluşlarının xalqımızın qəlbində xüsusi yeri vardır. Azərbaycanın müstəqilliyi, tarixi, ənənələri və dəyərləri, Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasəti ötən dövrdə fasiləsiz olaraq TRT tərəfindən işıqlandırılıb. Azərbaycan həqiqətlərini dünya birliyinin diqqətində saxlamaq TRT üçün Türkiyənin varlığı qədər vacib bir mövzu olub. Göstərilən bu qardaşlıq münasibəti 44 günlük Vətən müharibəsində bir daha özünü təsdiq edib. Təcavüzkar Ermənistanın işğalçılıq siyasəti və davamlı hərbi təxribatları nəticəsində ötən il sentyabrın 27-də başlanan Vətən müharibəsi addımbaaddım TRT-nin efirindən dünya birliyinin diqqətinə çatdırılıb. Ən etibarlı xəbər məkanı kimi beynəlxalq aləmdə qəbul edilən TRT-nin yaydığı hər bir məlumat erməni yalanlarını ifşa edib. Heç vaxt unudulmayacaq bu həqiqətlər Azərbaycan xalqının qəlbində TRT-yə olan hörmət və ehtiramı zirvələrə qaldırıb.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.