Alman dilində şeir, mahnı və səhnəciklər – tələbələrin ifasında
AzerTAg.az
Bakı, 15 dekabr, AZƏRTAC
Azərbaycan Dillər Universitetində (ADU) Təhsil 1 fakültəsinin nəzdində Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının dosenti, Alman Dili Birliyinin ölkəmizdəki rəhbəri Gülənbər Pirnəzərovanın təşəbbüsü və təşkilatçılığı ilə “Alman dili günü” keçirilib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə alman dilinin tarixi haqqında prezentasiya təqdim olunub. Bədii hissədə tələbələr tərəfindən alman dilində mahnılar ifa olunub, H.Hessenin “Im Nebel” şeiri səsləndirilib, nənə və nəvə arasında anlaşılmazlığı göstərən səhnəcik oynanılıb.
Qrim qardaşlarının “Henzel və Qretel” nağılı, tanınmış alman şairi Y.V.Hötenin “Heidenröslein” şeiri səhnələşdirilib.
Təhsil 1 fakültəsinin tələbəsi Fatimə Kərimova istiqlal şairi Əhməd Cavaddan alman dilinə tərcümə etdiyi “Nə yazım” şeirini səsləndirib.
Tədbirdə tələbələr dillə bağlı aforizmlər də söyləyiblər.


Xəbərin mətnində orfoqrafik səhv var