SİYASƏT
Almaniya azərbaycanlıları Laçın-Xankəndi yolundakı aksiyaya dəstək nümayiş etdiriblər
Bakı, 24 dekabr, AZƏRTAC
Almaniyanın Köln şəhərində Ermənistanın ekoloji terroruna etiraz və ətraf mühitin qorunması tələbləri ilə Şuşa-Xankəndi yolunda aksiya keçirən ekoloji fəallara dəstək məqsədilə piket keçirilib.
AZƏRTAC xəbər verir ki, aksiya Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə Köln kafedral kilsəsinin qarşısında baş tutub.
Soydaşlarımız Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarının qanunsuz istismarına etirazlarını bildirib, yerli ictimaiyyətin diqqətini Ermənistanın Azərbaycan ərazisində törətdiyi ekoloji terrora cəlb ediblər.
Aksiyada ingilis və alman dillərində “Azərbaycanın təbii sərvətlərinin qeyri-qanuni istismarına son qoyulsun!”, “Ermənistanın ekoloji terrorunu dayandırın!”, “Erməni separatçılarının qeyri-qanuni fəaliyyətinə son qoyulsun!”, “Laçın yolundan hərbi məqsədlərlə istifadəyə son qoyulmasını tələb edirik”, “Laçın-Şuşa-Xankəndi yolu Azərbaycanın suveren ərazisidir” və digər şüarlar səsləndirilib.