İQTİSADİYYAT
Almaniyanın “Lok Report” jurnalında Azərbaycan Dəmir Yollarının “Stadler” ilə əməkdaşlığından bəhs olunur
Berlin, 3 dekabr, AZƏRTAC
Almaniyanın “Lok Report” jurnalında dərc olunan məqalədə “Azərbaycan Dəmir Yolları” QSC ilə İsveçrənin “Stadler” şirkəti arasında imzalanan müqavilədən bəhs edilir.
AZƏRTAC xəbər verir ki, yazıda Azərbaycanın bundan öncə də “Stadler” şirkəti ilə əməkdaşlıq etdiyi, şirkətdən müxtəlif vaqonlar, ikimərtəbəli qatarlar aldığı bildirilir. Qatarların dizel və elektrik mühərriki ilə təchiz ediləcəyi qeyd olunur.
“Azərbaycan Dəmir Yolları” QSC-nin “Stadler” ilə əməkdaşlıq çərçivəsində şirkətdən 2014-cü ildə 30 tipli vaqon sifariş etdiyi, bu vaqonlardan ibarət ilk qatarın QSC-yə təhvil verildiyi vurğulanır. “Azərbaycan Dəmir Yolları” QSC-nin 2015-2018-ci illərdə “Stadler”dən tədarük etdiyi 2 mərtəbəli qatarların gündəlik nəqliyyatda istifadə olunduğu bildirilir.
Yazıda Azərbaycanda dəmir yolları sahəsində böyük infrastruktur proqramının həyata keçirildiyi, əldə olunmuş razılaşmaya əsasən, ilkin mərhələdə dizel mühərrikli qatarların hazırlanacağı və 2022-ci ildə təhvil veriləcəyi diqqətə çatdırılır. Azərbaycan üçün istehsal edilən qatarların Rusiya dəmir yollarının standartlarına uyğun olaraq 1520 millimetrlik şassi ilə təchiz ediləcəyi bildirilir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin