İQTİSADİYYAT
Altı ayda neft-qaz sektoruna 2,7 milyard manat yönəldilib
Bakı, 15 iyul, AZƏRTAC
Yanvar-iyun aylarında neft-qaz sektoruna 2 milyard 741,1 milyon manat yönəldilib. Ötən ilin eyni ayları ilə müqayisədə neft-qaz sektoruna yatırılmış investisiyalar 2,8 faiz azalıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, yarım ildə neft-qaz sektorunda 14 milyard 278 milyon manatlıq məhsul istehsal olunub. Sənayenin bu sektorunda məhsul istehsalı əvvəlki ilin eyni aylarına nisbətən 3,2 faiz azalıb. Neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər isə 4,7 faiz geriləyib.
Sənaye məhsulunun 62,6 faizi mədənçıxarma sektorunda istehsal edilib. İyun ayında sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki ayla müqayisədə 105,2 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 106,5 faiz təşkil edib. Əvvəlki aya nisbətən iyunda istehsalçı qiymətləri indeksi neft-qaz sənayesi üzrə 106,1 faiz olub.
İyunun 1-nə iqtisadiyyatın neft-qaz sektorunda 32,1 min nəfər çalışıb. Yanvar-may aylarında neft-qaz sektorunda nominal əməkhaqqı isə 3215,9 manat təşkil edib.