CƏMİYYƏT
Altıağac Milli Parkında yanğının söndürülməsi istiqamətində operativ tədbirlər görülür
Bakı, 30 iyul, AZƏRTAC
İyulun 28-də Siyəzən rayonunun Köhnə Quşçu kəndinin yaxınlığında biçənək sahəsində başlayan və Altıağac Milli Parkının ərazisinə keçən yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Yanğının söndürülməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin yerli qurumlarının əməkdaşları və aviasiya dəstəsinin qüvvələri tərəfindən operativ tədbirlər görülür.
ETSN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yanğın çətin relyefli dağlıq ərazidə olduğundan texnikanın əraziyə cəlb olunmasında çətinliklər yaranıb, əsasən əl əməyindən istifadə edilir. Havanın isti və küləkli olması yanğının söndürülməsində çətinliklər yaradır.
Qeyd edək ki, yanğının baş verməsində təqsirkar olan şəxslərin tapılması və qanunauyğun qaydada cəzalandırılması, həmçinin dövlətə və təbiətə vurulmuş ziyanın ödətdirilməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunub.
Havaların isti və quraq keçməsi ilə əlaqədar ETSN bir daha əhalini təbiətdə olarkən odla ehtiyatlı davranmağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə, biçənək sahələrini yandırmamağa çağırır.