İQTİSADİYYAT
Əmanətlərin Sığortalanması Fondunun əməkdaşlarının Türkiyə təlimləri başa çatıb
Bakı, 24 may, AZƏRTAC
Mayın 9-da Əmanətlərin Sığortalanması Fondu (ƏSF) və Türkiyənin Tasarruf Mevduatı Sığorta Fondu (TMSF) arasında imzalanmış qarşılıqlı əməkdaşlıq haqqında Anlaşma Memorandumu çərçivəsində əsas əməkdaşlıq istiqamətləri və hədəflərindən biri olan Fondun insan resurslarının təcrübi və nəzəri biliklərinin artırılmasına dəstəyin göstərilməsini təmin etmək məqsədilə ƏSF-nin Maliyyə, Arxiv, Risk, habelə Beynəlxalq və ictimaiyyətlə əlaqələr sahələrində çalışan əməkdaşları üçün TMSF-nin təcrübəli kadrları və təlimçiləri tərəfindən Türkiyənin İstanbul şəhərində təlimlər təşkil edilib.
Əmanətlərin Sığortalanması Fondundan AZƏRTAC-a bildirilib ki, mayın 9-12-də baş tutmuş 4 günlük təlim proqramının ilk günündə ƏSF-nin əməkdaşları üçün əmanətlərin risk-əsaslı sığortalanma mexanizmi, TMSF-də risklərin idarə edilməsi və TMSF-nin təşkilati strukturu kimi mövzuları əhatə edən təlimlər keçirilib. Ardınca, təlim proqramının ikinci günündə ƏSF-nin Maliyyə departamentinin əməkdaşları TMSF-nin maliyyə strukturu, uçot siyasəti və sığorta ehtiyatlarının idarəedilməsi, bankların təhlili təcrübəsi ilə tanış olublar və bu istiqamətdə biliklərini genişləndiriblər.
Təlimlərin üçüncü günündə iştirakçılar arxivin idarə edilməsi, eləcə də TMSF-nin korporativ hesabatlılıq sistemi layihəsinin hazırlanması barəsində məlumatlandırılıb. Təlimlərin sonuncu günündə ƏSF-nin mətbuat katibi TMSF-nin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə strategiyası ilə tanış olub, həmçinin TMSF-nin bu sahədə istifadə etdiyi kommunikasiya kanalları barəsində geniş məlumat əldə edib.
Qeyd edək ki, proqram çərçivəsində keçirilmiş təlimlərin mövzuları ətrafında geniş müzakirələr aparılıb, Fondun fəaliyyəti barəsində sual-cavab sessiyalarına da geniş yer ayrılıb. TMSF-nin aparıcı kadrları və təlimçiləri tərəfindən təşkil edilmiş bu tədbirlər nəticəsində əldə olunan bilik və təcrübələr ƏSF-nin gələcək fəaliyyətində öz bəhrəsini verəcək.