CƏMİYYƏT
Əmək məhsuldarlığının yüksəldilməsi və layiqli əməyin dəstəklənməsi əsas hədəflərdən biridir
Bakı, 1 noyabr, AZƏRTAC
Prezident İlham Əliyevin imzaladığı “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncamda məşğulluq sahəsində yeni hədəflərə çatmaq üçün yeni imkanlar açır. Əsas məqsəd ölkəmizdə əmək ehtiyatlarından səmərəli istifadə, əhalinin məşğulluq və sahibkarlıq imkanlarının genişləndirilməsi, layiqli əməyin dəstəklənməsi və işçi qüvvəsinin rəqabət qabiliyyətliyinin artırılması, eləcə də əmək məhsuldarlığının yüksəldilməsi hesabına iqtisadi inkişafın təmin edilməsidir.
AZƏRTAC xəbər verir ki, son illər dövlət məşğulluq siyasəti ilə əlaqədar işsizlikdən sığorta və məşğulluq haqqında qanunlar qəbul olunub. Əmək, sosial müdafiə və təminat sahəsində idarəetmənin təkmilləşdirilməsi, eləcə də elektron sistemlərin tətbiqi dövlət məşğulluq siyasətinin tərkib hissəsidir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdir müavini Rəna Abdullayeva məşğulluq strategiyasının əsas prioritetləri barədə deyib: “Yeni dövr üçün qəbul edilən Strategiya işçi qüvvəsinin yaxşılaşdırılması, əmək bazarında tarazlığın təmin olunması, işçi qüvvəsinin tələbi ilə tələbat arasında uyğunluq təmin olunmasına yönəldilmiş kompleks tədbirlərdir. Yeni strategiya, ilk növbədə, həm də milli iqtisadiyyatın strateji yol xəritələri və daimi inkişaf məqsədləri ilə əlaqədardır”.
Onun dediyinə görə, yeni Strategiya, eyni zamanda, Beynəlxalq Əmək Təşkilatı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasındakı əməkdaşlığın əsas prioritetlərini özündə əks etdirəcək.
Strategiyanın əsas hədəflərindən biri də qeyri-kənd təsərrüfatı sektorunda qeyri-formal məşğulluq səviyyəsinin 20 faizə qədər azaldılmasıdır. Hazırda kənd təsərrüfatında olan qeyri-formal məşğulluq səviyyəsi 52 faiz təşkil edir. Ölkəmizdə 3 milyon 200 mindən artıq qeyri-kənd təsərrüfatı sektorunda çalışan insan var. Onların 1 milyon 600 min nəfərə yaxınının icbari və sosial sığortası müəyyənləşdirilib.
Hədəf ondan ibarətdir ki, strategiyanın icra olunduğu dövr ərzində əmək məhsuldarlığı iki dəfə artırılsın. Bu, növbəti dövrlərdə yaradılan əlavə dəyər həcminə, orta aylıq əməkhaqqına, gəlirlərin səviyyəsinə çox ciddi təsir göstərə bilər.