CƏMİYYƏT
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərinə bu ilin 9 ayında 7,8 milyon müraciət olub
Bakı, 24 oktyabr, AZƏRTAC
Cari ilin yanvar-sentyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Elektron Hökumət” portalı üzərindən təqdim etdiyi elektron xidmətlərə 7 797 401 müraciət qeydə alınıb. Bu qurumun e-xidmətləri sırasında ən çox müraciət olunanı “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidməti olub. Cari ilin 9 ayında həmin e-xidmətə 2 782 963 müraciət olub.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, bundan əlavə “Məcburi dövlət sosial sığortası üzrə hesabatların təqdim edilməsi” (1 289 574 müraciət), “İş yerinə dair arayış” (489 712 müraciət), “Tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi” (428 114 müraciət), “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” (308 150 müraciət), “Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi” (237940 müraciət) və s. xidmətləri ümumən “E-Hökumət” portalında vətəndaşların daha çox faydalandığı e-xidmətlər sırasındadır.
Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 30-a yaxın e-xidməti fəaliyyət göstərir.