REGİONLAR
Amil Əliyev: Sando üzrə dünya çempionu titulumu yeniləmək üçün mübarizə aparacam VİDEO
Gəncə, 27 sentyabr, Rauf Hacıyev, AZƏRTAC
Sando MMA döyüş növü üzrə ikiqat dünya çempionu, peşəkar idmançı Amil Əliyev yeni qələbə uğrunda mübarizəyə qoşulacaq.
Sentyabrın sonunda Ukraynada keçiriləcək “Dünya kəməri” uğrunda döyüşə hazırlaşan idmançı AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib: “Böyük həvəslə məşqə başlamışam. Gün ərzində 8 saatdan çox məşq edirəm. Eyni zamanda, qidalanmama da ciddi fikir verirəm. Çünki yarışda 92 kiloqram çəki dərəcəsində mübarizə aparacam. Buna görə əvvəlki çəkimi xeyli azaltmalı olmuşam. Əsas odur ki, həm mövcud çəkimi saxlamalıyam, həm də fiziki baxımdan güclü olmalıyam. Məqsədim sando üzrə ikiqat dünya çempionu titulumu yeniləmək və ölkəmizin idman şöhrətini bir daha yüksəltməkdir”.
“Təbii ki, yüksək nailiyyət qazanmaq üçün həm fiziki-taktiki, həm də psixoloji cəhətdən hazır olmalıyam. Bütün gücümü məşqçimin rəhbərliyi altında bu uğurun qazanılması üçün məşqlərə sərf edirəm. Gənclər və İdman, Daxili İşlər nazirliklərindən, çalışdığım Gəncə şəhəri Baş Polis İdarəsindən də böyük dəstək görürəm. Bu cür dəstək mənim üçün çox vacibdir”, - deyə dünya çempionu qeyd edib.
Peşəkar sandoçu respublikamızda ona və digər idmançı yoldaşlarına yaradılan şəraitdən danışarkən deyib: “İndi ölkəmizdə gənclərə yaradılan şərait imkan verir ki, idmançılarımız bütün beynəlxalq səviyyəli yarışlardan yüksək nəticə və nailiyyətlərlə qayıtsınlar. Ümidvaram ki, döyüşüm uğurlu keçəcək, yarışda birinci yerə çıxacam. Əsas istəyim Azərbaycanı ləyaqətlə təmsil etməkdir. Bütün gücümü səfərbər edəcəm ki, qalib olum, dövlət himnimiz səslənsin, bayrağımız yüksəyə ucalsın”.