SİYASƏT
Əminə Ağazadə: Azərbaycan ərazilərinin işğalı beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq və insan hüquqlarının ciddi şəkildə pozulması idi
Birminhem, 5 iyul , AZƏRTAC
Azərbaycan ərazilərinin otuz ilə yaxın müddət ərzində işğalı beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq və insan hüquqlarının ciddi şəkildə pozulması idi.
Bu sözləri Böyük Britaniyanın Birminhem şəhərində keçirilən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (ATƏT PA) 29-cu illik sessiyasında çıxışı zamanı millət vəkili Əminə Ağazadə söyləyib.
Millət vəkili çıxışı zamanı bildirib ki, “Dağlıq Qarabağ- Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma qurum idi. Bu qurumun bütün beynəlxalq ictimaiyyət tərəfindən tanınması rədd edilib. Bu, son nəticədə Azərbaycana qarşı təcavüzün, etnik təmizləmənin və irqi ayrı-seçkiliyin məhsulu və beynəlxalq hüququn, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin kobud şəkildə pozulması faktı idi.
Hazırda Ermənistan Azərbaycana qarşı əsassız ərazi iddialarından ibarət təxribat xarakterli ritorikasını davam etdirir. O, hələ də Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin bir hissəsi üçün “status” ideyasını təbliğ edir.