CƏMİYYƏT
Anar Bağırov: Xarici ölkələrdə yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsi əsas vəzifələrimizdən biridir
Tbilisi, 8 noyabr, AZƏRTAC
Bu gün xarici ölkələrdə çoxlu sayda azərbaycanlı yaşayır. Onların hüquqlarının müdafiəsi bizim qarşımızda dayanan əsas vəzifələrdən biridir.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.
Sədr bildirib ki, xaricdə yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsini lazımi şəkildə təşkil etmək üçün mütləq həmin ölkələrin yerli vəkilləri ilə əməkdaşlıq etmək lazımdır. Əməkdaşlıq olmayan yerdə vəkillik peşəsi inkişaf edə bilməz.
A.Bağırov qeyd edib ki, region ölkələrinin vəkilləri arasında əməkdaşlığın xüsusi əhəmiyyəti var. Azərbaycan Vəkillər Kollegiyasının Gürcüstan Vəkillər Kollegiyası ilə uzun müddətdir çox yaxın dostluq və əməkdaşlıq münasibətləri var. Bir neçə ay öncə Tbilisidə Türkiyə, Gürcüstan və Azərbaycanın Vəkillər kollegiyaları arasında strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Bu sənədə uyğun olaraq assosiasiyalar bir-birinə dəstək verirlər və ümumi tədbirlərdə iştirak edilər.
Vəkillər Kollegiyasının sədri bildirib ki, gələn həftə Bakıda beynəlxalq konfrans keçiriləcək. Həmin tədbirə Gürcüstan, Türkiyə və digər ölkələrin nümayəndələri və kollegiya rəhbərləri də dəvət olunublar.
Qeyd edək ki, A.Bağırov Tbilisidə vəkillərin beynəlxalq konfransında iştirak edir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi