İDMAN


Antik Olimpiadanın yaranma tarixi : I yoxsa XXVIII

Bakı, 27 fevral, Səadət Hakıyeva, AZƏRTAC

Antik dövrdə olduğu kimi, müasir dövrdə də ümumxalq bayram şənliklərinə çevrilən, milyonların sevə-sevə izlədiyi Olimpiya Oyunlarının yaranma tarixi haqda müxtəlif rəylər mövcuddur.

AZƏRTAC xəbər verir ki, araşdırmalara əsasən, qədim yunan tarixində Olimpiya Oyunlarının Elida çarı İfit tərəfindən bərpa edildiyini deyə bilərik. Əfsanəyə görə, Olimpiya Oyunlarını təşkil etmək əmrini İfit Delfa öz kahinindən alıb. Delfanın kahini doriyalıların ardı-arası kəsilməyən hücumları və yunanların bir-biri ilə apardıqları qanlı müharibələr nəticəsində torpaqların düşmən tapdağına keçməsinin qarşısını almaq, yunanları məhv olmaq təhlükəsindən xilas etmək məqsədilə sülhün bərqərar olması maraqlarından çıxış edərək İfitə Olimpiya Oyunlarını dirçəltmək ideyasını verib.

Lakin İfitin idarə etdiyi dövlət o qədər də əhəmiyyət daşımadığına və hərbi cəhətdən böyük gücə malik olmadığına görə o, dövrünün əzəmətli yunan dövlətinin hakimi, Spartan çarı Likurqla müqavilə (Ekixeriya haqqında) bağlamaq qərarına gəlir. Ekixeriya (vaz keçmək, silahdan imtina etmək) yunanlarda Olimpiya Oyunları dövrü ümumi sülhün bərqərar olmasına riayət edilməsi demək idi. Rəvayətə görə, ekixeriya haqqında müqavilə diskə yazılaraq Heranın Olimpiya məbədində saxlanırdı. Bu diskin mövcud olması faktını Aristotel və Plutarxdan başlayaraq bir çoxları təsdiq ediblər. Pavsaninin qeydlərində qızıl və fil sümüyündən düzəldilmiş diskləri öz gözləri ilə gördüyünü yazıb. İfit və Likurqun tarixi şəxsiyyət olmaları sübut edilməsə də, ekixeriyanın mövcudluğu tarixi fakt kimi danılmazdır.

Yunan tarixçilərinin gəldikləri ümumi rəylərə əsasən, ilk Olimpiya Oyunları b.e.ə. 776-cı ildə keçirilib. Lakin bəzi tarixçilər bu Olimpiadanın 1-ci deyil, 28-ci Oyunlar olduğunu iddia edirlər. Onlar yunan astronomu Ptolomeyin “Çar qanunu”nda Eratosfendən verilmiş xronoqrafik parçalara istinad edirlər. Belə ki, tarixçilər “…miqrasiyadan Likurqun himayədarlığına qədər - 159 il; bundan Olimpiya Oyunlarına qədər -108 il …” ardıcıllığındakı 108 il vaxt aralığını əsas götürərək təsdiq edirlər ki, 776-cı ilədək 27 Olimpiya oyunları keçirilib. Lakin onların əlində Korobasun ilk olimpionik olmasını təkzib edəcək fakt olmadığından bunu tam sübuta yetirə bilmirlər. Ona görə də bəşəriyyətin Olimpiya Oyunlarının yaranması haqda qəbul etdiyi bu şanlı tarix öz misilsiz əzəmətini və qüdrətini qoruyub saxlamaqdadır.

2004-cü ildə Yunanıstanın Afina şəhərində XXVIII Yay Olimpiya Oyunları təşkil edildi. 1896-cı ildə olduğu kimi, dünya Olimpiya Hərəkatının diqqət mərkəzi yenidən Olimpiadanın vətəninə yönəldi. Yenə də 28, yenə də 108…

Birinci 28 və 108 rəqəmləri ilə bağlı faktlar sübuta yetirilməsə də, ikincisi olmuş tarixi hadisədir. Yəni, 1896-cı ildən 2004-cü ilə qədər 108 il zaman keçmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.