Antonio Quterreş: İslam dini əsrlər boyu bəşəriyyətə sülh, mərhəmət və xeyirxahlıq mesajları verib
AzerTAg.az

Bakı, 15 mart, AZƏRTAC
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş İslamofobiya ilə Beynəlxalq Mübarizə günü ilə bağlı dünya ictimaiyyətinə müraciət edib.
AZƏRTAC BMT-nin rəsmi saytına istinadla xəbər verir ki, Antonio Quterreş öz müraciətində İslam dininin əsrlər boyu bəşəriyyətə sülh, mərhəmət və xeyirxahlıq mesajları verdiyini bildirib. O, başqa dinlərə mənsub insanları müsəlmanlara qarşı nifrət ritorikasını aradan qaldırmaq üçün diqqətli olmağa və beynəlxalq ictimaiyyəti islamofobiya ilə daha effektiv mübarizəyə çağırıb.
A.Quterreş qeyd edib ki, dünyada yaşayan təxminən iki milyard müsəlman bəşəriyyətin müxtəlifliyini əks etdirir, lakin onlar inanclarına görə tez-tez fanatizm və qərəzlə üzləşirlər. Müsəlmanlar şəxsi hücumlar, nifrət dolu ritorika, günah keçisi, institusional ayrı-seçkilik və damğalanma kimi mənfi təsirlərə məruz qalırlar. Baş katib müsəlman qadınların geyim tərzinə, etnik mənsubiyyətinə və inancına görə üzləşdiyi ayrı-seçkiliyə də toxunub. O, vurğulayıb ki, müsəlmanların üzləşdiyi artan nifrət etnik millətçiliyin, neonasist ideologiyaların, həmçinin müsəlmanlar, yəhudilər, bəzi azlıqların xristian icmaları və digərləri də daxil olmaqla, həssas əhalini hədəf alan zorakılığın dirçəlişinin tərkib hissəsidir. “Ayrı-seçkilik bütün bəşəriyyət üçün zərərlidir və ona qarşı mübarizə aparmaq hamının borcudur”, -deyə o vurğulayıb.
Baş katib irqi, dini və etnik zəmində ayrı-seçkiliyə qarşı mübarizəni gücləndirmək üçün insan hüquqlarına tam hörmət edən, dini və mədəni kimlikləri qoruyan siyasətin həyata keçirilməsinə çağırıb. O, həmçinin müxtəlifliyin zənginlik kimi tanınması və təəssübkeşliyə qarşı çıxmaq üçün sosial birliyə sərmayələrin artırılmasının zəruriliyini qeyd edib.
BMT-nin rəhbəri vurğulayıb ki, hər bir böyük inanc və ənənə tolerantlıq, hörmət və qarşılıqlı anlaşma imperativliyini ehtiva edir. Ədalət, insan hüquqları və sülh axtarışlarının əsasını Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində təsbit olunmuş ümumbəşəri dəyərlər təşkil edir. O, insanları təkcə İslamofobiya ilə Beynəlxalq Mübarizə Günündə deyil, hər gün ümumbəşəri dəyərləri həyata keçirmək üçün səy göstərməyə və bölücü qüvvələrə qarşı durmağa çağırıb.
Xəbərin mətnində orfoqrafik səhv var