İQTİSADİYYAT
“Apple” şirkətinin “Almastore” brendli məhsulları “Bakutel”də
Bakı, 6 dekabr, AZƏRTAC
Bu il “Bakutel” sərgisində debüt edən “ASBC Almastore” MMC “Apple” şirkətinin məhsullarını “Almastore” brendi ilə təqdim edir. Bunlar hər kəsin çox sevdiyi “iPhone 10”, “iPhone 8” və “Mac” brendli yeni məhsullardır. AZƏRTAC xəbər verir ki, bunu “ASBC Almastore” MMC-nin marketinq üzrə direktoru İlahə Əliyeva deyib.
Marketinq üzrə direktor bildirib ki, sərgi iştirakçıları özləri “Apple pencil” məhsulunu sınaqdan keçirə, “iPad”la hər hansı təsvir çəkə və digər maraqlı proqramlar ilə tanış ola bilərlər. “Məktəb siniflərindəki lövhəni əvəz edən xüsusi örtüklü lövhələr şirkətin stendində xüsusi yer tutur. Biz məktəblərdə mütəmadi təlimlər keçirərək, ən yeni məhsullarımızı təqdim edirik”, - deyə İ.Əliyeva bildirib.
“ASBC Almastore” MMC “Apple” şirkətinin Azərbaycandakı ilk və yeganə tərəfdaşı və “Apple Premium Reseller” statusuna malik mağazalar zəncirinin sahibi olduğunu deyən İ.Əliyeva bildirib ki, şirkətin rəsmi xidmət mərkəzi də fəaliyyət göstərir: “Mağazalarımız digər mağazalardan fərqlənir. Müştəri hər hansı eksponentə yaxınlaşaraq, yeni məhsullarla şəxsən tanış ola, sərgi salonlarına baxa, məhsullarımızı test edə, bütün suallara cavab ala bilər. Bu və ya digər məhsulun satın alınması ilə yanaşı, alıcı beynəlxalq sığorta ilə də təmin olunur. Hər hansı istehsalat qüsuru aşkar edilərsə, biz məhsulu əvəz edirik”.