CƏMİYYƏT
“Aqrar İnkişaf Könüllüləri” Təşkilatı “Beynəlxalq biznes oyunu”nun finalında ölkəmizi təmsil edəcək

Bakı, 18 may, AZƏRTAC
Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) əlaqələndirməsinin nəticəsi olaraq, “Aqrar İnkişaf Könüllüləri” Təşkilatı mayın 19-20-də Moskvada keçiriləcək “Beynəlxalq biznes oyunu”nun final mərhələsində ölkəmizi təmsil edəcək.
AKTİ-dan AZƏRTAC-a bildiriblər ki, fərqli layihələrlə, proqramlarla könüllülərin şəxsi inkişafında hər zaman müstəsna rol oynayan “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının “Mushroomland” layihəsinin əsas məqsədi göbələk ticarəti sahəsində mümkün iş və inkişaf perspektivlərinin təhlili ilə bağlı araşdırmaların aparılmasıdır.
Rusiya Kənd Gəncləri Birliyinin təşkil etdiyi “Beynəlxalq biznes oyunu”nda Aqrar İnkişaf Könüllüləri komandası Azərbaycan nümayəndəliyi olaraq ilkin mərhələlərdə iştirak edib və final mərhələsinə vəsiqə qazanıb.
Hazırda süni şəkildə yetişdirilən göbələklərə tələbat durmadan artır. Son dövrdə ölkəmizdə göbələk istehsalının artımı müşahidə olunur. Azərbaycanda göbələk istehsalı Avropadakından fərqlənmir. Ölkəmizdə ildə adambaşına orta hesabla 1 kiloqram, Avropada isə 5-6 kiloqram göbələk istehlak edilir. Bu statistika Azərbaycanın göbələk bazarının inkişafda olduğunu göstərir.
“Beynəlxalq biznes oyunu”nda Azərbaycanla yanaşı, Almaniya, Belarus, Rusiya, Qırğızıstan, Qazaxıstan və Ermənistan təmsilçiləri də iştirak edəcək.