REGİONLAR
“Aqrolizinq”də 2019-cu ilin taxıl biçininin yekunları və pambıq yığımına hazırlıqla bağlı müşavirə keçirilib
Bakı, 10 sentyabr, AZƏRTAC
“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin inzibati binasında 2019-cu ilin taxıl biçininin yekunları və pambıq yığımına hazırlıqla bağlı müşavirə keçirilib.
Müşavirədə “Aqrolizinq” ASC-nin İdarə Heyətinin sədri Elmin Rəhmanov, sədr müavinləri, şöbə müdirləri, regional nümayəndəliklərin və rayon bölmələrinin rəhbərləri iştirak ediblər.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə taxıl biçini zamanı əldə edilən nailiyyətlər, yaranmış problemlər və onların həlli ilə bağlı görülən işlər müzakirə olunub.
Müşavirədə çıxış edən sədr Elmin Rəhmanov taxıl biçininin artıq tam başa çatdığını, biçinin yekunlarından razı qaldığını bildirib. Biçin zamanı müsbət nəticələrin əldə edildiyini vurğulayan cəmiyyət sədri bu uğurun komandanın birgə işi nəticəsində əldə olunduğunu diqqətə çatdırıb.
Elmin Rəhmanov pambıq sahələrində yığıma başlamaq üçün son hazırlıq işləri barədə də müşavirə iştirakçılarını məlumatlandırıb. “Aqrolizinq”in rəhbəri regional nümayəndəliklərin və rayon bölmələrinin rəhbərlərinə pambıq yığımına hazırlıq prosesi və yığımla bağlı müvafiq tapşırıqlar verib.
Tədbirin sonunda yığım zamanı əldə etdikləri nailiyyətlərə görə bəzi regional nümayəndəlik və rayon bölmələrinin rəhbərləri fəxri diplomlarla təltif olunublar.