REGİONLAR
Aran iqtisadi rayonlarının sahibkarları bölgənin inkişaf perspektivini müzakirə ediblər
Şirvan, 25 noyabr, Mahir Babayev, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) Şirvan şəhərində “Azərbaycanda iqtisadi islahatlar: nailiyyətlər və perspektivlər” mövzusunda ictimai regional müzakirə təşkil edib.
AZƏRTAC xəbər verir ki, regional müzakirəyə Aran iqtisadi rayonuna daxil olan Beyləqan, Biləsuvar, Hacıqabul, İmişli, Neftçala, Saatlı, Sabirabad və Salyandan 300-ə yaxın sahibkar, bələdiyyə və ictimaiyyət nümayəndəsi qatılıb.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı tədbirdə çıxış edərək bildirib ki, Şirvan Bakıdan sonra Cənubi Qafqazın ikinci ən iri hərbi sənaye kompleksinə malik şəhərdir. Həmçinin ölkədə elektrik enerjisi generasiyası, neft-qaz hasilatı, yüngül və ağır sənaye sahələrinin inkişaf etdiyi mühüm nəqliyyat qovşağıdır. Qeyd olunub ki, aparılan iqtisadi islahatlar Şirvan kimi regional şəhərlərin bölgənin inkişaf mərkəzlərinə çevrilməsini təmin edib. Bu da Şirvan şəhərində və ətraf kənd təsərrüfatı rayonlarında əldə olunan məhsulun emalının təşkili baxımından əhəmiyyətlidir.
Diqqətə çatdırılıb ki, iqtisadi islahatların uğurunun təmin edilməsində ictimai iştirakçılıq vacib amildir. Sistemli iqtisadi islahatlar, dövlətin qurduğu infrastruktur bölgə iqtisadiyyatının güclənməsi və əhalinin rifahının yaxşılaşdırılması ilə nəticələnir.
Prezident Administrasiyasının sektor müdiri Elxan Mikayılov bildirib ki, son illər Azərbaycanda dərin iqtisadi islahatlar aparılır. Prezident İlham Əliyevin tapşırıqlarına əsasən artıq uzun müddətdir bölgələrdə aparılan müzakirələr Strateji Yol xəritələrinin icrasında, biznes mühitin təkmilləşdirilməsi ilə bağlı aparılan islahatlarda regionlardakı sahibkarların iştirakının tam təmin olunmasına xidmət edir. Eyni zamanda, Strateji Yol xəritələrinin hər region üçün spesifik olan icra tədbirlərinin müəyyənləşdirilməsi baxımından da bu müzakirələr mühüm əhəmiyyət daşıyır.
Sonra İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, Azexport portalının rəhbəri Zaur Qardaşov təqdimatla çıxış edib, İqtisadiyyat Nazirliyinin sektor müdiri Fariz Əhmədov isə sahibkarlara bölgəyə aid iqtisadi məlumatları çatdırıb.
Müzakirələrdə Vergilər Nazirliyinin 5 saylı Ərazi Vergilər İdarəsinin direktoru Fuad Mahmudov, Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Samit Abıyev və Kənd Təsərrüfatı Nazirliyinin regional nümayəndələri iştirak edib.
Çıxışlar yekunlaşdıqdan sonra sahibkarları, bələdiyyə və ictimaiyyət nümayəndələrini maraqlandıran suallara cavablar verilib.
Sonda “Bir pəncərə” İxraca Dəstək Mərkəzinin mahiyyətindən bəhs edən videoçarx nümayiş olunub.