ELM VƏ TƏHSİL
Ərazi münaqişələrinin beynəlxalq hüquqi aspektlərinə dair monoqrafiya
Bakı 18 dekabr, AZƏRTAC
Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, hüquq üzrə fəlsəfə doktoru Rauf Qarayevin rus dilində "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin beynəlxalq hüquqi aspektləri və prinsipləri" kitabı çapdan çıxıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, monoqrafiyada beynəlxalq hüququn əsas prinsipləri olan dövlətlərin ərazi bütövlüyü, sərhədlərin pozulmazlığı və xalqların hüquq bərabərliyi prinsiplərinin anlayışı, əsas formalaşma mərhələləri və məzmunu tədqiq olunur. Bununla yanaşı, əsərdə müasir dünyada ərazi münaqişələrinin, o cümlədən postsovet məkanında olan münaqişələrin beynəlxalq hüquqi aspektləri tədqiq edilir. Monoqrafiyada əsas yer Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin beynəlxalq hüquqi aspektləri və prinsiplərinin tədqiqinə, beynəlxalq cinayətin forması olan beynəlxalq hüquqda təcavüzün, o cümlədən Ermənistanın ölkəmizə qarşı törətdiyi təcavüzün araşdırılmasına ayrılıb. Nəşrdə, həmçinin Ermənistanın təcavüzü nəticəsində ölkəmizə vurulmuş zərərin ödənilməsinin beynəlxalq hüququ aspektlərinin, Azərbaycanın Ermənistan təcavüzünə qarşı özünümüdafiə hüququnun və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə aid əsas və ən nüfuzlu beynəlxalq dövlətlərarası təşkilatlar tərəfindən qəbul edilmiş qərarların təhlilinə yer ayrılıb.