SİYASƏT


Argentina musiqiçisinin adı Azərbaycan XİN-in arzuolunmaz şəxslər siyahısından çıxarılıb

Bakı, 14 fevral, AZƏRTAC

Argentina Respublikasının vətəndaşı, “Sülh naminə musiqi” layihəsinin üzvü, musiqiçi Xuan Manuyel Domingez Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasını xahiş edib.

XİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məktubunda Xuan Manuyel Domingez 2015-ci ildə “Sülh naminə musiqi” layihəsi çərçivəsində Dağlıq Qarabağa səfər etdiyini, Azərbaycanın razılığı olmadan həmin əraziyə səfərin qadağan olunduğu və doğuracağı nəticələr barədə məlumatlı olmadığını yazıb. O, bu səfərin Azərbaycan Respublikasına və xalqına qarşı heç bir halda hörmətsizlik anlamı daşımadığını vurğulayıb.

Xuan Manuyel Domingez Azərbaycan Respublikasının qanunlarına hörmət etdiyini qeyd edərək, sözügedən səfərlə əlaqədar Azərbaycan hökuməti və xalqından üzr istədiyini qeyd edib. O, münaqişə nəticəsində bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü, 20 mindən artıq insanın həlak olduğunu bildirib.

Xuan Manuyel Domingez, həmçinin “Sülh naminə musiqi” layihəsinin Bakıya, xüsusilə Cocuq Mərcanlı kəndinə səfər edərək azərbaycanlı qaçqın və məcburi köçkünlər üçün ustad dərsləri təşkil etmək və xeyriyyə konserti proqramları ilə çıxış etmək arzusunda olduğunu bildirib.

Musiqiçi Xuan Manuyel Domingezin müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.