İQTİSADİYYAT


Asiya İnfrastruktur İnvestisiya Bankının 5-ci illik iclası başlayıb

Pekin, 28 iyul, AZƏRTAC

Azərbaycanın təsisçi-üzv olduğu Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) 5-ci illik iclası COVID-19 pandemiyası səbəbindən iyulun 28-də videokonfrans formatında işə başlayıb.

AZƏRTAC xəbər verir ki, bankın Rəhbərlər və Direktorlar şuralarının üzvləri, ekspertlər iki gün davam edəcək iclasın müxtəlif mövzular üzrə vebinarlarında üzv ölkələr arasında əməkdaşlığın dərinləşdirilməsinin və bazarların daha sıx əlaqələndirilməsinin vacibliyinə, yaşıl iqtisadiyyatın qurulmasına, rəqəmsal uçurumun aradan qaldırılmasına və digər mövzulara dair müzakirələr aparırlar.

İclasda Çin nümayəndəsi Cin Liçun ikinci müddətə bankın prezidenti seçilib. Onun 5 illik ikinci prezidentlik müddəti gələn ilin yanvarında başlayacaq.

Qeyd edək ki, 2016-cı ilin yanvarında Azərbaycan da daxil olmaqla 57 təsisçi-üzv ölkə tərəfindən yaradılan bank 100 milyard ABŞ dolları nizamnamə kapitalı ilə Asiyada enerji, nəqliyyat, şəhərsalma, su təchizatı, logistika, telekommunikasiya, kənd təsərrüfatı, ətraf mühit və digər sahələr üzrə infrastruktur layihələri maliyyələşdirir. Hazırda bankın təsdiqlənmiş üzvlərinin sayı 82-dir. Daha 20 dövlət isə ölkədaxili proseduru bitirdikdən sonra AİİB-in təsdiqlənmiş üzvlərinin sırasına qoşulacaq. Bank fəaliyyətə başladığı vaxtdan indiyədək Azərbaycan da daxil olmaqla, bir neçə ölkədə 87 layihəyə ümumilikdə 19,6 milyard dollar kredit ayırıb. AİİB 2016-cı ilin dekabrında Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsinə 600 milyon dollar kredit verib.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.