DÜNYA
Asiyanın 15 ölkəsi Regional Hərtərəfli İqtisadi Tərəfdaşlığa dair sənədi imzalayıb
Pekin, 15 noyabr, AZƏRTAC
Asiyanın 15 ölkəsi Vyetnamın paytaxtı Hanoyda Regional Hərtərəfli İqtisadi Tərəfdaşlıq (RCEP) sənədini imzalayıb.
AZƏRTAC xəbər verir ki, sənədi RCEP-in 4-cü sammiti zamanı Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasına (ASEAN) daxil olan Vyetnam, Bruney, Kamboca, İndoneziya, Laos, Malayziya, Myanma, Filippin, Sinqapur, Tailand, habelə Çin, Yaponiya, Cənubi Koreya, Avstraliya və Yeni Zelandiya imzalayıblar. Bununla da dünyada ən böyük azad ticarət bloku yaradılıb. Belə ki, iştirakçı ölkələrin ümumi daxili məhsulunun birgə məbləğinə görə RCEP Avropa İttifaqı, ABŞ-Meksika-Kanada azad ticarət sazişlərindən daha böyükdür. RCEP-ə daxil olan ölkələri dünya əhalisinin, habelə ümumi daxili məhsulun və qlobal ticarətin 30 faizini təmin edir.
RCEP razılaşması barədə təşəbbüs 2012-ci ildə ASEAN-ın 10 ölkəsi, habelə Çin, Yaponiya, Cənubi Koreya, Hindistan, Avstraliya və Yeni Zelandiya tərəfindən irəli sürülüb. Hindistan ötən il müzakirələrdən imtina edib. Keçən ilin noyabrında Tailandda qeyd olunan 15 dövlət sənədin mətni barədə razılığa gəlib. RCEP razılaşması iştirakçı ölkələr arasında mal dövriyyəsində daha aşağı idxal rüsumlarının tətbiq olunmasını, ticarət xidmətlərində daha sərfəli qaydaların tətbiqini təşviq edəcək. Bura tarif baryerlərinin aradan qaldırılması, gömrük və karantin prosedurlarının, texniki standartların azaldılması da daxildir. Bu da öz növbəsində iştirakçı ölkələr arasında mal dövriyyəsinin çoxalmasına səbəb olacaq.
Ekspertlər hesab edir ki, RCEP sazişi çoxtərəfli ticarət sisteminin gücləndirilməsi və Dünya Ticarət Təşkilatının inkişaf gündəliyinin dəstəklənməsi üzrə səylərin göstəricisidir. RCEP çoxtərəfli səylərlə regional iqtisadi inteqrasiyanı gücləndirəcək.
Vyetnamın Baş naziri Nquyen Suan Fuk bildirib ki, razılaşma ASEAN iqtisadi əməkdaşlıq mühitinin qurulmasını sürətləndirəcək və bununla ASEAN-a ümumi rifah naminə əməkdaşlığın inkişaf etdirilməsində dinamik və güclü tərəfdaş olmağa imkan verəcək.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin