ELM VƏ TƏHSİL
Aşqarlar Kimyası İnstitutunda “Elm günü” ilə əlaqədar “açıq qapı” günləri təşkil olunub
Bakı, 14 mart, AZƏRTAC
“Elm günü” ilə əlaqədar AMEA–nın akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda (AKİ) “açıq qapı” günləri təşkil olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, “açıq qapı” günündə Kaspi Təhsil Mərkəzinin müəllim və şagirdləri müəssisənin laboratoriyalarında quraşdırılan müasir cihaz və avadanlıqlarla tanış olublar.
İnstitutun direktoru, akademik Vaqif Fərzəliyev rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə şagirdlərə məlumat verib. Bildirib ki, müəssisədə sürtkü yağlarının, yanacaqların və xüsusi mayelərin istismar xassələrini yaxşılaşdıran müxtəlif funksional təsirli aşqarların sintezinin elmi əsaslarının yaradılması, alınma texnologiyasının işlənib hazırlanması, eləcə də fizioloji fəal maddələrin sintezi və tədqiqi sahəsində fundamental tədqiqatlar aparılır. Bu elm ocağında alınan müxtəlif funksional təsirə malik yeni aşqarlar oksidləşmə, korroziya, yeyilmə və siyrilməyə qarşı bioloji zədələnmənin qarşısını almaqda tətbiq olunur.
V.Fərzəliyev Prezident İlham Əliyevin “Elm günü”nün təsis edilməsi haqqında müvafiq Sərəncamını da xatırladaraq, bu sənədin dövlət başçısının Azərbaycan elminə böyük diqqət və qayğısının təzahürü olduğunu vurğulayıb. Bildirib ki, Prezident İlham Əliyevin cəmiyyətin inkişafında elmin əhəmiyyətini nəzərə alaraq imzaladığı bu sənəd elm siyasətinin tərkib hissəsidir.
AKİ-nin laboratoriya müdiri, Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru, dosent Əfsun Sucayev, institutun elmi işçisi, kimya üzrə fəlsəfə doktoru Nəzər Nəzərov şagirdlərə laboratoriyalarda istifadə olunan sintez və fiziki-kimyəvi analiz cihazları barədə məlumat veriblər.
Sonda institutun magistrantları Lalə Əliyeva və Nərgiz Məcdi məktəblilər üçün əyləncəli təcrübələr nümayiş etdiriblər.