ELM VƏ TƏHSİL
Aşqarlar Kimyası İnstitutunda alimlərin elmi fəaliyyəti qiymətləndirilib
Bakı, 18 mart, AZƏRTAC
Aşqarlar Kimyası İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, əvvəlcə tədbirdə elm müəssisəsinin direktoru, akademik Vaqif Fərzəliyev elmi-ictimai fəallığına görə Kimya Elmləri Bölməsi tərəfindən təltif olunan professor Həqiqət Cavadovaya və dosent Elmira Nağıyevaya fəxri fərmanları təqdim edib.
V.Fərzəliyev üç ildir institutda elmi işçilərin, habelə laboratoriyaların fəaliyyətinin qiymətləndirilməsinin aparıldığını deyib. Bildirib ki, məqsəd sağlam rəqabət yaratmaqla, bütövlükdə institutun fəaliyyətinin əsas elmi istiqamətlərə uyğun olaraq gücləndirilməsidir. Qiymətləndirmə zamanı beynəlxalq standartlar çərçivəsində əsas elmmetrik meyarlar nəzərə alınıb. Bu dəfə 2020-ci il üzrə hər bir elmi işçinin il ərzində fəaliyyəti – monoqrafiya nəşri, nüfuzlu xarici jurnallarda və yerli jurnallarda dərc olunan məqalə, konfrans materialı, patent, yüksəkixtisaslı kadr hazırlığı, ona istinadlar, H-indeks, beynəlxalq, respublika elmi konfranslarında iştirak və sair göstəriciləri hesablanıb, ayrı-ayrılıqda həm laboratoriya, həm də alimlərin reytinq siyahısı tərtib edilib.
Akademik V.Fərzəliyev ilk üç yeri tutan alimlərin müvafiq diplom və pul mükafatları ilə təltif ediləcəyini vurğulayıb, bu göstəricilərin laboratoriyaların akkreditasiyası, elmi işçilərin isə attestasiyası zamanı nəzərə alınacağını bildirib.
İnstitutun elmi işlər üzrə direktor müavini, dosent Əfsun Sucayev, elmi katibi Mehparə Səfərova, professor Həqiqət Cavadova, dosent Elxan İsakov və digər çıxış edənlər gündəlikdəki məsələlər haqqında fikirlərini bildiriblər.