REGİONLAR
Astarada əhalinin sayı 110 mini ötüb
Astara, 3 mart, Bağır Əliyev, AZƏRTAC
Astara rayonunda əhalinin sayı bu ilin əvvəlinə olan məlumata əsasən, 828 nəfər və ya 0,8 faiz artaraq 110 min 545 nəfərə çatıb. Əhalinin 30,7 faizini şəhər, 69,3 faizini kənd sakinləri, 50,3 faizini kişilər, 49,7 faizini isə qadınlar təşkil edir.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Astara Rayon Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, Ədliyyə Nazirliyinin Astara rayon Qeydiyyat Şöbəsi tərəfindən ötən il rayonda 1587 nəfər doğulmuş körpə qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə bu göstərici ötən illə müqayisədə 15,2-dən 14,4-ə qədər azalıb.
Yeni doğulan körpələr arasında qızların payı 45,7 faiz təşkil edib.
2020-ci ildə Ədliyyə Nazirliyinin Astara rayon Qeydiyyat Şöbəsi tərəfindən 418 nikah və 120 boşanma halı qeydə alınıb.