REGİONLAR
Astarada kənd sakini Rusiyada olan həmyerlisinin evindən oğurluq edib
Astara, 13 may, Bağır Əliyev, AZƏRTAC
Astara Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində evdən oğurluq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Astara rayon sakini olan bir qadın DİN-in “102 xidməti-zəng mərkəzi”nə müraciət edərək bildirib ki, naməlum şəxs və ya şəxslər tərəfindən gecə saatlarında Kakalos kəndində onun Rusiya Federasiyasında yaşayan oğlu C.Hüseynova məxsus evdən 600 manat dəyərində 1 ədəd “Samsung” markalı televizor, çamadanı ilə birlikdə 1 ədəd “Hitachi” markalı videokamera, 300 manat dəyərində kabel, 1 ədəd internet modemi oğurlanıb.
Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluq faktını rayonun Kakalos kənd sakini Əbdül Mirzəyevin törətdiyi müəyyən edilib və o, polis əməkdaşları tərəfindən saxlanılıb. Oğurladığı məişət əşyaları ondan aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı araşdırma aparılır.