REGİONLAR
Astarada məktəblilər arasında kross qaçışı üzrə rayon birinciliyinin qalibləri mükafatlandırılıb
Astara, 10 mart, Bağır Əliyev, AZƏRTAC
Astara Olimpiya İdman Kompleksində rayon Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə məktəblilər arasında keçirilən kross qaçışı üzrə rayon birinciliyinin qalibləri məlum olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon birinciliyində qızlar 800 metr, oğlanlar isə 2 kilometr məsafəyə qaçışda güclərini sınayıblar.
Yarışın yekun nəticələrinə əsasən qızların yarışında Aysun Rzayeva (şəhər 3 nömrəli tam orta məktəbi), Zeynəb Məmmədova (şəhər 1 nömrəli tam orta məktəbi) və Nazpəri Cəlilova (Təngərüd kənd tam orta məktəbi) müvafiq olaraq birinci, ikinci və üçüncü yerlərə sahib olublar.
Oğlanların 2 kilometr məsafəyə qaçışında isə İlham Əliyev (Təngərüd kənd tam orta məktəbi), Əli Məhərrəmov (şəhər 2 nömrəli tam orta məktəbi) və Elbəy Məmmədzadə (şəhər 1 nömrəli tam orta məktəbi) fərqləniblər.
Qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıblar.