REGİONLAR
Astarada ötən il 18517 hektar sahədə suvarma işləri aparılıb VİDEO
Astara, 2 mart, AZƏRTAC
Astarada su təminatı ilə bağlı əkin sahələrində problemlərin yaranmaması üçün artıq ilin əvvəlindən hazırlıq işlərinə başlanılıb. Selötürücü və suötürücü kanalların, qapalı və açıq şəbəkələrin təmizlənməsi və əkinçiliklə məşğul olan əhalinin istifadəsinə verilməsi üçün işlər mütəmadi olaraq davam etdirilir.
AZƏRTAC xəbər verir ki, əlverişli iqlim şəraitinə malik kənd təsərrüfatı rayonlarından olan Astarada 4500 hektardan çox suvarılan əkinəyararlı torpaq sahəsi var. Astara Suvarma Sistemləri İdarəsi suvarma suyunun tələbatçılara vaxtında, itkisiz verilməsi, məhsuldarlığın əvvəlki illərə nisbətən artırılması üçün öhdəsinə düşən işləri görməkdədir. İdarənin əsas fəaliyyətindən biri suvarma, suötürücü və magistral kanalların işlək vəziyyətdə saxlanılmasıdır. Bunun üçün də bu ilin əvvəlindən başlayaraq artıq indiyə kimi ümumilikdə 3000 poqonometr məsafədə kanalların lil və palçıqdan təmizlənmə işləri həyata keçirilib.
Astara rayonu ərazisində 4 su mənbəyindən istifadə olunur. Lovayın və Xanbulançay su anbarları, Astaraçay və Pensərçaydan əkin sahələrinə suyun ötürülməsi təmin edilir. 2021-ci ildə bu 4 mənbədən 22 milyon 394 min kubmetir su götürülüb və sahələrə 17 milyon 800 min kubmetir su verilib. Ötən ili Astara Suvarma Sistemləri İdarəsi üçün uğurlu saymaq olar, çünki quraqlıq olmasına baxmayaraq, növbəli şəkildə və vaxtında suyun verilməsi təmin edilib. İlin əvvəlindən selötürücü və suötürücü kanalların lildən və palçıqdan təmizlənmə işlərinə başlanılmışdı və bu da öz nəticəsini verdi.
Hazırda Astaranın Şuvi kəndinin təsərrüfatında bəzi qapalı borularda sızma və dağılmalar olduğundan həmin ərazilərdə qaynaq işləri görülür. Rayonun Pensər kəndi ərazisində müxtəlif diametrli dəmir boru şəbəkələrində və siyirtmələrdə işlər davam etdirilir. Suvarma sistemlərinin mühafizəsi, suvarma şəbəkələrinin, hidrotexniki qurğuların cari və əsaslı təmiri həyata keçirilir.