REGİONLAR
Astarada qızıl və gümüş nişana layiq görülmüş məzunlarla görüş
Astara, 23 sentyabr, Bağır Əliyev, AZƏRTAC
Sentyabrın 23-də Astara Rayon İcra Hakimiyyətində xüsusi nümunəvi attestat almaqla qızıl və gümüş nişana layiq görülmüş, respublikanın ali məktəblərinə qəbul imtahanlarında yüksək bal toplamış Tərlan Hüseynov və Zəka Əliyevlə görüş keçirilib.
Xüsusi karantin rejiminin qaydalarına riayət olunmaqla keçirilən görüşdə Rayon Təhsil Şöbəsinin müdiri Rəşad Həsənov, Pensər kənd lisey-məktəbin direktoru Faiq Həsənov və valideynlər iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşdə çıxış edən Astara Rayon Təhsil şöbəsinin müdiri Rəşad Həsənov 2019-2020-ci tədris ilinin rayonun ümumtəhsil məktəbləri üçün uğurlu keçdiyini, 240 məzunun ali məktəblərə qəbul olunduğunu, 3 şagirdin Respublika Fənn Olimpiadalarında medal qazandığını, 15 şagirdin fərqlənmə attestatı aldığını diqqətə çatdırıb.
Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev xüsusi nümunəvi attestat almaqla qızıl nişana layiq görülmüş, 638 balla Azərbaycan Tibb Universitetini seçən Tərlan Hüseynovu və gümüş nişana layiq görülmüş, 613 balla Bakı Ali Neft Məktəbini seçən Zəka Əliyevi qazandıqları uğur münasibətilə təbrik edərək, onlara müvəffəqiyyətlər arzulayıb.
Qeyd olunub ki, Bu il Astara rayonunun ümumtəhsil məktəblərini bitirən məzunlardan 30 nəfərin 500-dən yuxarı bal toplayaraq tələbə adını qazanması böyük nailiyyətdir.
Tədbirdə çıxış edən valideynlər Ziya Əliyev və Zaman Hüseynov gənclərin təhsil alması üçün ölkəmizdə yaradılan yüksək şəraitdən razılıqlarını ifadə edərək, Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Tələbə adını qazanmış Tərlan Hüseynov və Zəka Əliyev dövlətin gənclərə diqqət və qayğısına mükəmməl təhsilləri və gələcəkdə yüksək vətəndaşlıq mövqeyi ilə cavab verəcəklərini söyləyiblər.
Görüşün sonunda təhsildə yüksək nailiyyət qazanmış hər iki məzuna fəxri fərmanlar və hədiyyələr təqdim olunub.