ELM VƏ TƏHSİL
Atatürkün “İstiqlal” medalı ilə təltif etdiyi Hacı Cabbar Kömək kim olub?
Bakı, 20 fevral, AZƏRTAC
Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyi ilə əlaqədar “Azərbaycanca Vikipediya”da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) sistemləşdirilmiş viki-təlimlərinin iştirakçıları tərəfindən AXC dövrünün görkəmli şəxsləri haqqında məqalələr yaradılır, onlar barədə yarımçıq qalmış məlumatlar dəqiqləşdirilir, redaktə edilir və zənginləşdirilir.
MEK-dən AZƏRTAC-a bildiriblər ki, “Azərbaycanca Vikipediya”da Azərbaycanın tarixi şəxsiyyətlərindən olan Hacı Cabbar Kömək haqqında məqalə yerləşdirilib.
Məqalə ilə linkində tanış olmaq mümkündür.
1869-cu ildə Şərur rayonunun Yengicə kəndində dünyaya göz açan Hacı Cabbar Kömək 1919-cu ildə Ərzurum konqresində Naxçıvan, Şərur, Ordubad, Vedibasar bölgələrinin səlahiyyətli nümayəndəsi olub. Hacı Cabbar Osmanlı dövlətinin Çanaqqala zəfərinə, daha sonra Türkiyənin ordu quruculuğuna verdiyi töhfələrə görə Mustafa Kamal Atatürk tərəfindən “Kömək” ləqəbini alıb. O, 1925-ci ildə bu xidmətlərinə görə “İstiqlal” medalı ilə təltif olunub. Ona Atatürk tərəfindən Ankarada yaşamaq təklif olunsa da bundan imtina edərək Qarsa köçüb və 1948-ci ildə orada dünyasını dəyişib.