ORDU
Atəşkəs rejimi sutka ərzində Ermənistan silahlı qüvvələri tərəfindən 83 dəfə pozulub VİDEO
Bakı, 14 iyul, AZƏRTAC
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı silahlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 83 dəfə pozub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistan Respublikası İcevan rayonunun Vazaşen, Berkaber, Noyemberyan rayonunun Şavarşavan, Dovex kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Qızılhacılı, Fərəhli, Kəmərli kəndlərində, Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Goranboy rayonunun Gülüstan, Tapqaraqoyunlu, Tərtər rayonunun Çiləbürt, Göyarx, Ağdam rayonunun Şuraabad, Şıxlar, Qaraqaşlı, Cəvahirli, Kəngərli, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Horadiz, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqelərinə atəş açılıb.
Düşmən cavab atəşi ilə susdurulub.