Avropa İnsan Hüquqları Məhkəməsi tunisli radikalın deportasiya ilə bağlı şikayətini rədd edib
AzerTAg.az

Berlin, 27 sentyabr, AZƏRTAC
Strasburqdakı Avropa İnsan Hüquqları Məhkəməsi terror aktlarının planlaşdırılmasında şübhəli bilinən tunisli S.Haykelin Almaniyada deportasiya həbsi ilə bağlı şikayətini rədd edib. AZƏRTAC Almaniya Xarici İşlər Nazirliyinin mətbuat üçün açıqlamasına istinadla xəbər verir ki, məhkəmənin qətnaməsində Tunisə deportasiya haqqında qərarın İnsan Hüquqlarına dair Avropa Konvensiyasının müddəalarını pozmadığı bildirilir, çünki Haykelin vətənində onu ölüm cəzası gözləmir.
Tunisdə Haykel 2015-ci ilin martında Bardo Milli Muzeyində 20-dən çox insanın ölümü ilə nəticələnən terror aktını təşkil etməkdə şübhəli bilinir. Bu ölkədə 1991-ci ildən ölüm cəzasına moratorium qoyulub və deməli, “islamçı” olduğu ehtimal edilən 37 yaşlı tunisliyə ən pis halda ömürlük həbs cəzası verilə bilər.
Tunisli ilk dəfə Almaniyaya 2003-cü ildə tələbə vizası ilə gəlib. 2010-cu ildə o, ölkədə müvəqqəti yaşamaq hüququ alıb, lakin üç ildən sonra onun qeydiyyatda olduğu yerdə yaşamadığı aşkar edilib. 2015-ci ilin avqust ayında tunisli yenidən Almaniyada peyda olub.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Xəbərin mətnində orfoqrafik səhv var