DÜNYA


Avropa İttifaqı “Horizon Europe” proqramı çərçivəsində elmi və innovativ tədqiqatlara 100 milyard avro ayıracaq

Vyana, 17 iyul, AZƏRTAC

Avropa İttifaqı (Aİ) 2021-2027-ci illərdə “Horizon Europe” adlı çərçivə proqramı vasitəsilə elmi və innovativ tədqiqatlara 100 milyard avro vəsait ayıracaq. Bu barədə qərar Avropa İttifaqı ölkələrinin elm və tədqiqat üzrə nazirlərinin Vyanada keçirilən toplantısında qəbul edilib.

AZƏRTAC xəbər verir ki, İttifaq ölkələri nazirləri ilə yanaşı, Aİ-nin elm, tədqiqat və innovasiyalar üzrə məsul komissarı Karlos Moedas da iştirak edib. O bildirib ki, tədqiqatlara və innovasiyalara böyük həcmdə investisiya yatırmağın prioritet istiqamətə çevrilməsi Avropa üçün mühüm əhəmiyyət daşıyır. Çünki bu proqramın qəbulu gələcəkdə Avropa ölkələrinə yüksək ixtisaslı kadrların hazırlanması və iş yerlərinin açılmasında xüsusi rol oynayacaq.

Aİ-yə sədrlik edən Avstriyanın tədqiqatlar üzrə naziri Haynts Fassmann mətbuata açıqlamasında bildirib ki, toplantıda qəbul edilən çərçivə proqramı öz büdcəsinə görə dünyada tədqiqat və innovasiyalara ayrılmış ən böyük proqramdır. Bu proqramın əsas hədəfi yaxın gələcəkdə ümumdünya texnoloji inkişaf və innovasiyalar bazarında Avropanın mövqelərini ABŞ-a və Çinə qarşı möhkəmləndirməkdir.

Qeyd edək ki, Avropa Komissiyası bu il iyunun 7-də Aİ-nin tədqiqat və innovasiya üzrə 9-cu çərçivə proqramını təqdim edib. Təklif olunan proqramın maliyyə həcmi hazırda qüvvədə olan “Horizon 2020” (2014-2020-ci illər üzrə dövr) ilə müqayisədə 23 milyard avro çoxdur.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.